Mənzil probleminin həllində əsas məsələ daxili maliyyədir.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil maliyyələşdirməsində torpaq fundamental məsələdir: "Bu gün torpaq bahadır və getdikcə daha da bahalaşır. Biz inteqrasiya, seqreqasiyanın aradan qaldırılması haqqında danışırıq, lakin mərkəzi ərazilərdə tikinti aparmaq daha bahalıdır. Buna görə də, evlərin harada tikiləcəyini planlaşdırmağa kömək edəcək planlaşdırma alətlərinə və torpaq siyasətlərinə, bu torpaqları ehtiyatda saxlamağa, istifadə olunmayan sahələri dəyərləndirməyə və təkrar emal variantlarına baxmağa ehtiyacımız var. Bütün bunların xərclərə təsiri var. Əgər dövlət torpağından istifadə edə bilirəmsə, torpaq pulsuzdur və məsələmin təxminən 50 %-i həll olunur. Əgər bunu edə bilmirəmsə, xüsusi mülkiyyətdə olan torpaqlarla işləməli oluram və bunun üçün müxtəlif üsullar var. Əgər binaları yenidən qura bilirəmsə, lakin bir çox ölkələrdə yenidən qurulacaq binalar yoxdur, o zaman xərclər fərqli olacaq".
Qonaq qeyd edib ki, ən vacib məqam budur ki, heç bir ölkə mənzil problemini beynəlxalq maliyyə ilə uzunmüddətli və davamlı şəkildə həll edə bilməyib: "Əsas olan daxili maliyyədir. Məsələn, Çin yüz milyonlarla insanı yoxsulluqdan qurtara bilib və bunu daxili maliyyə hesabına, evlər tikərək edib. Avropa İkinci Dünya müharibəsindən sonra yenidənqurma proqramı həyata keçirib və o dövrdə ABŞ-dən "Marşall Planı" ilə əhəmiyyətli maliyyə axını alıb. Amma Avropa daha sonra öz sistemini qurub. Latın Amerikası (Uruqvay, Braziliya, Kolumbiya, Meksika, Çili) müxtəlif sxemlər vasitəsilə mənzil siyasətini formalaşdıra və mənzil təminatını həyata keçirə bilib. Bir sözlə, prosesi başlamaq üçün kənardan gələn bəzi ilkin maliyyə dəstəyinə arxalana bilərik, lakin biz möhkəm mənzil maliyyələşdirmə sistemləri qurmalıyıq".
