Qədim köklərdən müasir şəhərlərə çağırış – Bakı WUF13-ün mərkəzində

A- A A+

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu gün öz işinə yekun vurur. Bu form Azərbaycanın beynəlxalq miqyasda şəhərsalma sahəsində artan rolunu aydın nümayiş etdirdi. Formun açılış mərasimində Dövlət başçısı İlham Əliyevin çıxışı xüsusi əhəmiyyət kəsb etdi və özündə ölkə inkişafının bütün prioritetlərini aydın şəkildə göstərdi.  18-22 may tarixlərində keçirilən forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı cəlb olunaraq rekord göstərici qeydə alınıb. Bu, COP29-dan sonra ölkədə təşkil olunmuş ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilir və Forumun nəticələrinin əvvəlki uğurlu təcrübə qədər yüksək səviyyədə olacağına ümid yaratdı. Belə geniş iştirak Bakıya ilk dəfə gələn qonaqlara ölkəni və onun şəhərsalma təcrübəsini yaxından tanımaq imkanı verir. Azərbaycanın coğrafi mövqeyi, yəni Avropa ilə Asiya arasında yerləşməsi və Şərq-Qərb qovşağı olması memarlıq irsində də aydın əks olunur. Ölkəmizin paytaxtı Bakıda İçərişəhərin qədim divarları ilə müasir mühit bir küçə aralığında qarşılaşır. Vaxtilə 3 kilometr uzunluğunda olan Bakı Bulvarı bu gün 15 kilometrdən artıq dənizkənarı məkana çevrilib. XIX əsrin Avropa memarları tərəfindən tikilmiş binalar isə qədimliklə yeniliyin təbii vəhdətini yaradır. Bu harmoniya yalnız Bakı üçün deyil, ölkənin digər şəhərləri üçün də şəhərsalmanın gündəlik prioritet olduğunu göstərir.

Bu il “Şəhərsalma və Memarlıq İli”nin elan olunması dövlətin bu sahəyə xüsusi diqqətini vurğulayır. 2022-ci ildən başlayaraq BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş Ağdam, Zəngilan və Xankəndidə üç milli şəhərsalma forumunun keçirilməsi də bu istiqamətdə atılmış praktiki addımlardır.

Ölkənin qədim memarlıq irsi də xüsusi diqqətə layiqdir. Şamaxıda (Şirvanşahlar dövlətinin keçmiş paytaxtı və Nəsiminin doğulduğu yer) 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri, Naxçıvanda (Atabəylər dövlətinin paytaxtı, Əcəmi Naxçıvaninin vətəni) XII əsrə aid Möminə xatun türbəsi, Nizami Gəncəvinin vətəni Gəncə, Qafqaz Albaniyasının paytaxtı Qəbələ, Şəkinin Kiş kəndindəki qədim alban məbədi bu irsin zənginliyini təsdiqləyir. Lahıc kəndində 15 əsr əvvəl yaradılmış və bu gün də fəaliyyət göstərən kanalizasiya və su sistemləri isə əcdadların yüksək mühəndislik bacarığını nümayiş etdirir. Qarabağın tacı Şuşa isə hazırda sıfırdan bərpa olunur, zədələnmiş qalası yenidən qurulub. Tarixi irsin qorunması ilə müasir inkişafın balansı şəhərsalmanın əsas prinsipi kimi qəbul edilir. Bu balans Bakı Qran-Prisi ilə simvollaşdırılır: şəhər halqasında keçirilən nadir yarışlardan biri olan bu tədbirdə pilotlar saatda sürətlə hərəkət edərək eni cəmi 7 metr olan küçəyə, qədim qala divarlarından 1 metr məsafədə əyləc basmalıdırlar. Bu, inkişaf prosesində eyni vaxtda cəsarətli və ehtiyatlı olmağın vacibliyini göstərir.

Ən böyük çağırışlardan biri də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 30 illik işğal nəticəsində tamamilə dağıdılmış bu ərazilər, xüsusilə Ağdam “Qafqazın Xirosiması” adlandırılırdı, çünki şəhər bir günün yox, 30 ilin dağıntısı idi. Böyük Qayıdış Proqramı çərçivəsində cəmi 5 il ərzində 70 kilometr tunel çəkilib (yeni 5 km də planlaşdırılır), 500 körpüdən 435-i inşa olunub. Üç beynəlxalq hava limanı, dəmir yolları, elektrik stansiyaları, su kəmərləri, su anbarları, evlər, məktəblər və xəstəxanalar tikilib. Artıq 85 mindən artıq keçmiş məcburi köçkün bu ərazilərdə yaşayır, işləyir və təhsil alır. Minalardan təmizlənmə ilə paralel olaraq sənaye zonalarının yaradılması yüz minlərlə insanın sürətli və davamlı qayıdışını təmin edəcək.

Ətraf mühit məsələləri də prioritetdir. 1846-cı ildə dünyada ilk neft hasil olunan Bakı uzun müddət ekoloji standartlara əməl etmədiyinə görə Qara şəhər, Bibiheybət və Böyükşor kimi ərazilərdə ciddi çirklənməyə məruz qalmışdı. Bu gün həmin ərazilərdə Ağ şəhər və SeaBreeze kimi müasir layihələr həyata keçirilir. Son 20 ildə Bakıda 100-dən artıq park və ictimai məkan yaradılıb, onlardan 19-u tam yenilənib. İctimai nəqliyyatın, mikromobilliyin və elektrik avtobuslarının inkişafı yaşıl və davamlı şəhərsalma konsepsiyasının tərkib hissəsidir.

Bütün bu faktlar Azərbaycanın şəhərsalma siyasətinin əsas xüsusiyyətini aydın şəkildə özündə əks etdirir. Sadalanan faktlar tarixi irsi qoruyub saxlamaqla yanaşı, müasir, ekoloji dayanıqlı, insan mərkəzli şəhərlər yaratmaq üçün beynəlxalq təcrübə mübadiləsində güclü zəmin yaradır və gələcək nəsillərə sağlam, komfortlu və mədəni dəyərlərlə zəngin yaşayış mühiti buraxmağa imkan verir.

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın şəhərsalma siyasətinin dərin fəlsəfəsini bir daha dünyaya aydın şəkildə əks etdirir. Bu fəlsəfə qədim tarixi irsi müasir inkişafla harmoniyalaşdırmaq, ətraf mühitə hörmət göstərməklə insan mərkəzli şəhərlər yaratmaq və post-münaqişə dövründə dağıdılmış əraziləri sürətli və keyfiyyətli şəkildə bərpa etmək üzərində qurulub.

Çıxış bir daha təsdiqləyir ki, Azərbaycan üçün şəhərsalma sadəcə infrastruktur məsələsi deyil, milli kimliyin qorunması, davamlı inkişaf və gələcək nəsillərə layiqli yaşayış mühitinin miras qoyulmasıdır. Beynəlxalq miqyasda keçirilən bu Forum ölkəmizin bu sahədə qazandığı təcrübəni dünya ilə bölüşməyə və qlobal dialoqa töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Bu yanaşma Azərbaycanın dayanıqlı, müasir və eyni zamanda öz köklərinə bağlı şəhərsalma modelinin uğurlu nümunəsidir.

 

Canməmməd Canməmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: