Kanadada yerli xalqların mənzil maliyyələşməsinə və alternativ kapitala çıxışında maneələr mövcuddur.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da Kanada hökumətində müxtəlif qurumlarda fəaliyyət göstərmiş Cheri Reddin səsləndirib.
O bildirib ki, Kanada kontekstində “yerli xalqlar” anlayışı Birinci Millətlər, İnuitlər və Metislər olmaqla üç fərqli qrupu əhatə edir.
Bu xalqlar arasında, eləcə də onların öz daxilində mədəniyyət, ənənə və qarşılaşdıqları problemlər baxımından ciddi fərqlər mövcuddur.
"Son on ildə Kanada hökuməti yerli xalqlarla münasibətlərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Hökumət yerli xalqlarla “millətdən-millətə” münasibətlər qurmağa, barışıq ruhunda irəliləməyə və müstəmləkəçilik siyasətinin yaratdığı tarixi ədalətsizlikləri aradan qaldırmağa çalışır".
