Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

A- A A+

Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əlaqələri durmadan güclənir və müsbət dinamika nümayiş etdirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında bildirib.

O, Azərbaycanla MDB üzv dövlətləri arasında ticarət dövriyyəsinin 2025-ci ildə 10 faizdən çox artdığını qeyd edib.

Hökumət başçısı diqqətə çatdırıb ki, ölkənin sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, yüksək texnologiyalar sahələri durmadan inkişaf edir.

O, yaşıl enerjinin inkişafının dövlət siyasətinin əsas prioriteti olaraq qaldığını vurğulayıb. “Genişmiqyaslı bərpaolunan enerji layihələri təkcə ətraf mühitin dayanıqlılığının gücləndirilməsinə deyil, həm də ölkənin investisiya və ixrac potensialının genişləndirilməsinə xidmət edir”, - deyə Əli Əsədov bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, Qarabağ bölgəsinin bərpasına hazırda xüsusi diqqət yetirilir və burada prinsipcə yeni davamlı inkişaf modeli tətbiq olunur. O, bölgədə yaşıl enerji zonalarının yaradıldığını, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğunu bildirib.

Əli Əsədov əlavə edib ki, Qarabağ bölgəsi iqtisadi fəaliyyət, investisiya və davamlı inkişaf üçün artıq vacib məkana çevrilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: