Güclü Naxçıvan - güclü Azərbaycan və sabit Cənubi Qafqaz deməkdir!

A- A A+

Tarix boyu coğrafi mövqeyi, siyasi əhəmiyyəti və strateji rolu ilə seçilən Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu gün də Naxçıvan Muxtar Respublikası yalnız regional əhəmiyyət daşımır, həm də bütövlükdə Azərbaycanın gücünü və Cənubi Qafqazın sabitliyini şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. “Güclü Naxçıvan – güclü Azərbaycan və sabit Cənubi Qafqaz deməkdir” fikri bu reallığın mahiyyətini aydın şəkildə ifadə edir. Naxçıvanın güclü olması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmlənməsi deməkdir. Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə, “Ana torpaqla” birbaşa quru əlaqəsinin olmamasına  baxmayaraq, Naxçıvan öz siyasi iradəsi, sosial-iqtisadi inkişafı və müdafiə qabiliyyəti ilə ölkənin ayrılmaz parçası kimi daim diqqət mərkəzində olmuşdur. Həyata keçirilən infrastruktur layihələr və sosial proqramlar regionun dayanıqlı inkişafını təmin etmiş, onu strateji baxımdan daha da gücləndirmişdir.

Naxçıvanın geosiyasi mövqeyi onu regionda mühüm tranzit və təhlükəsizlik qovşağına çevirir. Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi bu ərazini həm iqtisadi, həm də hərbi-strateji baxımdan əhəmiyyətli edir. Həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat dəhlizləri və kommunikasiya layihələri Naxçıvanın rolunu daha da artıraraq, onu beynəlxalq əməkdaşlıq üçün vacib platformaya çevirir.

Bu kontekstdə Türkiyə ilə Naxçıvan arasında mövcud olan əlaqələr xüsusi vurğulanmalıdır. Türkiyə Naxçıvanı hər zaman strateji tərəfdaş kimi qiymətləndirmiş və onun təhlükəsizliyi ilə bərabər iqtisadi inkişafına da mühüm dəstək göstərmişdir. Bu münasibətlərin əsasında isə tarixi-hüquqi baza dayanır. 1921-ci ildə imzalanmış Qars müqaviləsi nəticəsində Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi statusu beynəlxalq səviyyədə təsbit edildi. 1920-ci illər dünyada geosiyasi dəyişikliklərin yaşandığı, yeni dövlətlərin yarandığı və sərhədlərin yenidən çəkildiyi bir dövr idi. Bu dəyişikliklər fonunda yeni dövlətlər formalaşır, mövcud sərhədlər isə yenidən müəyyən edilirdi.

1920–30-cu illərdə Türkiyə ilə  İran arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi gündəmdə idi. Bu danışıqlar uzun müddət davam etdi və nəhayət 1932-ci ildə razılaşma əldə olundu. (Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvanla Türkiyə arasında ümumi sərhəd yox idi)  Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Vanın Kotur bölgəsindəki torpaqların Ağrı dağı və ətrafı müqabilində İrana verildiyi sözügedən müqavilə Türkiyə Böyük Millət Məclisi tərəfindən 19 iyun 1932-ci ildə “İmzalanan müqavilənin təsdiq edilməsi haqqında” qanunla təsdiqlənmiş, 23 may 1932-ci ildə Türkiyə-İran sərhəd xəttinin müəyyən edilməsi ilə bağlı”. 23 iyun 1932-ci il tarixli Rəsmi Qəzetdə dərc olunmuşdur. Bu torpaq mübadiləsi zamanı da Naxçıvanla Türkiyəni birləşdirən 11 kilometrlik sərhəd xətti yaranmışdır. Bu sərhəd iki Qardaş xalq arasında birbaşa əlaqələrin qurulmasına, iqtisadi və mədəni əməkdaşlığın inkişafına şərait yaratmışdır. Məhz bu quru sərhəd  Naxçıvanın blokada şəraitində belə xarici dünyaya açılan mühüm qapılarından biri olmuşdur.

 Bu Qardaşlıq əlaqələri bu gün də uğurla davam edir və Naxçıvanın regional rolunun güclənməsinə xidmət edir. Türkiyənin dəstəyi ilə həyata keçirilən enerji, nəqliyyat və humanitar layihələr Naxçıvanın dayanıqlığını artırmış, regionun sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir.                                                                                  

Digər tərəfdən, Naxçıvanın təhlükəsizliyi və sabitliyi Cənubi Qafqazda sülhün qorunmasına töhfə verir. Regionda baş verən geosiyasi proseslər fonunda Naxçıvanın sabit qalması həm hərbi balansın qorunmasına, həm də mümkün risklərin qarşısının alınmasına xidmət edir. Güclü müdafiə potensialı və strateji mövqeyi sayəsində Naxçıvan bölgədə sülh və təhlükəsizlik üçün etibarlı dayaq rolunu oynayır.

Naxçıvanın sosial-iqtisadi inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Kənd təsərrüfatı, sənaye, turizm və energetika sahələrində əldə olunan nailiyyətlər regionun iqtisadi müstəqilliyini gücləndirir. Bu isə ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, regionlararası balanslı inkişafın təmin olunmasına şərait yaradır.

Bundan əlavə, Naxçıvan enerji təhlükəsizliyi baxımından da önəmli rol oynayır. Alternativ enerji mənbələrinin inkişafı, xüsusilə günəş enerjisi potensialı bu bölgəni gələcəkdə “yaşıl enerji” mərkəzlərindən birinə çevirə bilər. Bu istiqamətdə atılan addımlar regionun enerji xəritəsində yeni balans yarada bilər.

Naxçıvanın gücü onun torpağında yox, insanındadır. Elə bu səbəbdən də İnsan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdən biridir. İqtisadi mühitin daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və sahibkarlığın təşviqi uzun müddətdir Qardaş Türkiyə respublikasında yaşayan və çalışan minlərlə naxçıvanlının geri dönüş  prosesini stimullaşdıran əsas amillərdən biri olacaqdır. Xaricdə yaşayan naxçıvanlıların bilik və təcrübəsindən faydalanmaq üçün investisiya və təşəbbüs proqramlarının hazırlanması yerli inkişafın mühərrikinə çevrilərək  regionun inkişafına əlavə impuls verəcək. Bu isə Naxçıvanın insan kapitalını daha da gücləndirərək öz inkişaf modelini yeni mərhələyə yüksəldə bilər. Belə yanaşma həm regionun daxili potensialını artırar, həm də onun gələcək inkişafını daha dayanıqlı və rəqabətqabiliyyətli edər.                                                                                             

Naxçıvanın siyasi simvolikası da diqqətəlayiqdir. Bu bölgə Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlandığı, milli kimliyin güclü şəkildə yaşadıldığı bir məkandır. Onun inkişaf modeli mərkəzi hakimiyyətlə yerli idarəetmə arasında uğurlu koordinasiyanın nümunəsi kimi qiymətləndirilir.

Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. Güclü Azərbaycan isə öz növbəsində Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçılarından biridir. Türkiyə ilə möhkəm strateji tərəfdaşlıq və tarixən formalaşmış quru sərhəd bu gücün daha da möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Naxçıvana göstərilən diqqət və həyata keçirilən inkişaf siyasəti yalnız milli maraqlara deyil, həm də regional sabitliyə xidmət edir. Bu reallıq bir daha sübut edir ki, Naxçıvanın gücü Azərbaycanın gücünün, Azərbaycanın gücü isə Cənubi Qafqazın sabitliyinin əsas sütunlarından biridir.

Əlövsət HÜSEYNQULİYEV  

AŞPA-nın  üzvü statusuna malik, Beynəlxalq

Antiterror Birliyi Prezidentinin müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: