“XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi” meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti və dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək əhval-ruhiyyə və dövlətçiliyin tərənnümü bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer tapır. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın [1892-1937] yaradıcılığı Azərbaycan dövlətçiliyi və dövlət atributlarının tərənnümü baxımından mühüm əhəmiyyət kəsb edir. 1918-1920-ci illərdə milli demokratik təfəkkürün inkişafı nəticəsində dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının əsas leytmotivinə çevrilir. Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında milli vətəndaşlıq duyğuları əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaranır.
Azərbaycan poeziyasının görkəmli ustadlarından olan Əhməd Cavad öz yaradıcılığında Azərbaycanın dövlət müstəqilliyinə çoxsaylı əsərlər həsr etmişdir. Buna görə də ustad şair haqqında bəhs edənlər haqlı olaraq onu “milli istiqlalımızın tərənnmüçüsü” adlandırmışlar. Şair öz əsərlərində Azərbaycanın dövlət atributlarını vəsf və tərənnüm etmiş, dövlətçiliyə məhəbbət və vətənə bağlılıq hislərini təbliğ etmişdir. Bu bir həqiqətdir ki: “...onun yaradıcılığı 1910-1937-ci illər arasında ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir”. Məhz ““Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. ...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. “Millətimin tarixinə, Şan, Şöhrət əkməliyəm! Bu qarşıda, yad qalaya, Bir al bayraq dikməliyəm”, – deyən görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir. “Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şeirini [1913] qələmə alıb, əlifbaya poeziya həsr edib”. Əhməd Cavad öz yaradıcılığı ilə həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların ağsaqqalı və başçısıdır. “Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb”.
Bu böyük sənətkar qəlbi vətən eşqi ilə yandığı kimi əsərlərində də vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmdə tutmuşdur. Bu hislərlə ədəbiyyata gələn Əhməd Cavad “haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Şairin “Nədən yarandın”, “Azərbaycan bayrağına”, “Al bayrağa” şeirləri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətinin, qürurverici hislərinin ifadəsidir. Şairin “Azərbaycan bayrağına” şeirinin bayrağa məhəbbət dolu şeirlər silsiləsinin mənəvi atası olduğunu qətiyyətlə söyləmək olar.
Gedərkən Turana çıxdın qarşııma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım! –
deyən şair əsərdə milli dövlətçilik tarixi və ənənələrini izləmiş, Azərbaycan Xalq Cümhuriyyəti bayrağının miras qaldığı dövlətçilik ənənələrini də yada salmışdır. Şair bayrağın üzərində həkk olunmuş ay-ulduza da müraciət etmiş, sanki onun bayraqdakı məzmununa diqqət yetirmişdir.
Ümumiyyətlə, böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında milli dövlətçilik dəyərlərinin təbliği xüsusi mövqe təşkil etdiyi kimi Vətən və millət məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu olaraq çıxış edən bayraq mövzusu da onun yaradıcılığında baş mövzulardan birini tutur. Şairin Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci ildə şəxsən söylədiyi “Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstqəillik və azadlığa dərin məhəbbət ifadə edir. Şeirdəki:
Qüruru cahandan, nuru haqdan al
Hidayət etməyə yol azanları!
Gəlməsin yardımsız qəlbinə həlal,
Yardım: münavələr... sübh əzanları! –
misralarında şairin bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan bayrağını Azərbaycançılıq məfkurəsinin qibləgahı və yol göstərəni kimi təqdim və təsvir edir. Şair:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! –
deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə dəvət edir.
Şairin bayraq mövzusunda yazdığı “Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu ilə fərqlənir:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?! -
deyən şair bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda mənalandırmaqla milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaldır. Şair al bayrağın ciddiyyət və təsir gücünü metaforlarla daha təsirli təqdim edir.
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Qürurla sinəsini qabardıb üzü göylərə doğru zirvələrlə yarışan, səadət və xoşbəxtlik rəmzi olan ay-ulduzlu, mavi göylərə baş çəkən al Azərbaycan Bayrağı dalğalanarkən vətənin istiqlaliyyəti, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycan qəhrəmanlarının ruhlarından ibarət göy əsgərləri olan buludlar onun önündə salam duruşuna keçir və nizami yürüş nümayiş etdirirlər.
Vətəndaş-şair adıgedən şeirlərilə bərabər digər mövzulu əsərlərində, habelə “Aşiqin dərdi”, “Bən bulmuşam”, məşhur “Göy göl” kimi şeirlərində də Azərbaycan bayrağına sevgisini poetik şəkildə ifadə etmişdir. Söz yox ki, şairin dövlət bayrağına olan bu intəhasız sevgi və məhəbbətinin bir izahı onunla bağlıdır ki, Dövlət Bayrağı mənəvi-siyasi, ideloji baxımdan bir dövlətin və bu dövləti təşkil edən millətin simvolu və onların mövcudluğunu göstərən rəmzdir. Böyük şairimiz Əhməd Cavadın da yaradıcılığında tez-tez Azərbaycan bayrağına, ayrıca aya və ulduza müraciət məhz bir vətəndaş olaraq şairin qəlbindəki xalqa, vətənə və onun dövlət müstəqilliyinə məhəbbətinin nişanəsi, milli qürur, heysiyyət və istiqlal düşüncəsinin təcəssümüdür. Bu mənada qeyd etmək lazımdır ki, Əhməd Cavad qədər Azərbaycan dövlətçiliyi və dəyərlərinə əsərlər həsr edən ikinci bir sənətkar yoxdur. O, bütün yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürününün poetik ifadəsi, dövlətçilik dəyərlərimizin tərənnümçüsüdür. O, dövlətçilik təfəkkürünü, milli azadlığa, bayrağa olan sevgini həm açıq, həm də mətnaltı mənada öz yaradıcılığında əks etdirmişdir. Bu baxımdan, bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə ədəbi yaradıcılığı dövlətçilik atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad poeziyasını “Heraldik poeziya” adlandırmaq olar. Bu sonsuz məhəbbətdən idi ki, Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində bu məsələ yanıqlı şəkildə həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövründə yazılan “Göy göl” şerindəki bu notlar da onun vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdur:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bir az da dəqiq deyilsə, Gəncənin AXC dövründəki şanlı paytaxtlığını dilə gətirmək istəyir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmənlərlə dolu olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçmüşdür. Şair də: “Qoynunda yer vardır Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı, Göy göl!” - deyə bu dönəmləri xatırladır, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını ifadə etmişdir. Bu “çekist ruhlu” sağlıq deyənlərdən ibarət bolşevik gənclər başının üstünü duman olaraq elə alıblar ki, yorgun düşüb onu yaradan və yaşadan sədaqətli, ona bağlı vətəndaşların - yosunların çiynində səssiz-səmirsiz yorğun-yorğun uyuyur. Şairin: “Kəsin eyşü-nuşi, gələnlər susun” fikri də məhz dərdi ilə yorğun düşmüş bir gözəlin gələnlərin eyş-işrət içində dedikləri gurultulu sağlıqlarının acıq duymasından doğan narahatlığn ifadəsidir. “Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!” misrasında şairin vətənindən didərgin düşmüş mühacir Cümhuriyyət, müstəqillik mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Şeirin:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl! –
bəndində dünyanın müxtəlif ölkələrinə səpələnərək mühacirət yaşayan Azərbaycanın müstəqillik mücahidlərinə salam, mesaj göndərmək fikri hakimdir. Azərbaycan müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin Göy gölə həsr olunmuş digər şeirində də hakimdir.
Ümumiyyətlə, demək lazımdır ki, 1920-ci illərə qədər Azərbaycanın dövlət müstəqilliyinə və onun dəyərlərinə açıq-açığına şeirlər yazan Əhmad Cavad 20-ci illərdən sonra onun kimilərin dövranı olmayan bir cəmiyyətdə daha çox simvolizələrdən istifadə etməklə əvvəlki xoşbəxt dövrana və illərə həsrət dolu şeirlər yazmaq məcburiyyətində qalır. Sovet dövrünün “çekist ruhlu” tənqidçiləri haqlı olaraq onun bu dövrdə işıq üzü görən bir çox əsərlərində “bulud”, “göl”, “sevgili” obrazlarından Azərbaycan Xalq Cümhuriyyəti və müsavatın qoxusu gəldiyindən şübhə duyur, narahat olurdular. “Həmkarlarının “sovet ədəbiyyatının düşməni” kimi xarakterizə etdiyi simvol Ə.Cavadın yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyətinin zorla çökdürülməsini, xalqının xoşbəxt günlərinin əlindən alınmasını, milli kədərini ifadə etmək üçün aparıcı bədii priyoma çevrilir. “Nə yazım”, “Azərbaycana” adlı şeirlərilə başlanan milli kədər şairin sovet rejiminin ilk illərində yazdığı əsərlərin, demək olar ki, əksəriyyəti üçün əsas motiv olur. “Nə üçündür”, “Madonnaya” [1922], “Sən ağlama” [1923], “Aya” [1923], “Gözəl qadın” [1924], “Unudulmuş sevda” [1924] şeirlərində şair Milli Demokratik Respublikanın devrilməsini, gözəl vətəninin müstəmləkə boyunduruğuna keçirilməsini milli faciə kimi qavrayır, bu faciə ilə heç cürə barışa bilmir” [7, s. 38]. Bu illərdəki yaradıcılığında Ə.Cavad həm klassik ədəbiyyatda bir ənənə təşkil edən, həm də özünün sevgili Şükriyyəsinə həsr etdiyi romantik duyğularla zəngin şeirlərində sevə-sevə yaratdığı “sevgili” obrazı “öz yerini Azad Vətən obrazına tərk edir”. Bu baxımdan onun sovet dönəmində yazdığı əsərlərində tez-tez ifadə edilən “unudulmuş sevda”, “solğun baxışlı gözəl qadın” ifadələri Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini mənalandırmış olur. Bu mənada: ““Unudulmuş sevda” şairin ideallarıdır. Onları xatırladıqca şair hüznlü bir mutluluq duyur”.
Əhməd Cavad poeziyasında milli düşüncə ümumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı əhatə etmişdir. Ə.Cavad bütün fəaliyyəti və yaradıclığı turançılığın döyüşkən əsgəri hesab edilə bilər. Onun “Çırpınırdın, Qara dəniz”, “İstanbul”, “Şəhidlərə”, “Türk ordusuna”, “Ey əsgər” kimi şeirlərində türkçülük və Turançılıq hisləri ifadə olunmuşdur.
Beləliklə, zəngin ədəbi-bədii yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli müstəqillik mücadiləsi və milli ideologiyasının ən görkəmli nümayəndələrindən biridir. Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad yaradıcılığı hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir.
Ramiz QASIMOV
filologiya elmləri doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutunun dosenti
