AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏN MÜASİR AZƏRBAYCANA: SİYASİ VARİSLİK XƏTTİ

A- A A+

1918-ci il mayın 28-də Azərbaycan tarixində yeni və illər sonra belə unudulmayacaq bir səhifə açıldı. Bu səhifə yeni qələbələrin, ən əsası da, müstəqilliyimizin başlanğıcı idi. Həmin tarixdə müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Tiflisdə Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi. Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.

AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. Azərbaycanın ilk universiteti (1919-cu ildə) təsis olunmuş, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülmüşdür. 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

 Ümummilli Lider 2001-ci il oktyabr ayının 18-də etdiyi çıxışında demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. Bütün bunların nəticəsidir ki, Cümhuriyyətin Azərbaycanın şanlı dövlətçilik tarixindəki önəmli yeri və rolu bu gün də xalqımız tərəfindən daim ehtiramla xatırlanır, dövlətimiz tərəfindən bu tarixə böyük diqqət göstərilir. Hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub.

23 ay yaşadıqdan sonra 1920-ci il aprel ayının 27-si Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə dövlətimizin faktiki müstəqilliyinə son qoyuldu. 1920-1991-ci illər formal da olsa müstəqil respublika kimi SSRİ tərkibində varlığını davam etdirmişdi. 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan cəmi iki ildən sonra bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi. Həmin mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı.

Beləliklə, Azərbaycan Cümhuriyyətinin qarşısına qoyduğu, amma reallaşdıra bilmədiyi bütün planlarını Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə bugünkü müstəqil Azərbaycan Respublikası reallaşdırdı.

Ali Məclisin deputatı

Asəf Orucov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: