Vüqar Rəhimzadə: Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir

A- A A+

Azad Qarabağımız və Şərqi Zəngəzurumuz bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələ qayıdışı ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərə səfərlərinin hər biri görülən və görüləcək işlərin təqdimat ilə diqqətdə olur. Bu baxımdan Prezident İlham Əliyevin 28 May-Müstəqillik Günündə Xankəndi, Şuşa və Xocalı rayonlarına səfəri mühüm sosial obyektlərin açılışı, görülən işlərlə tanışlıq, Şuşanın Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü ilə yadda qaldı. Ümumilikdə, bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu təcrübənin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Forumla bağlı paylaşımında da bu məqamı xüsusi qeyd etdi ki, urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.

Bu gün 85 mindən artıq sakinin Qarabağda və Şərqi Zəngəzurda yaşaması, işləməsi, oxuması özündə mühüm məqamları ehtiva edir. Bərpa-quruculuq işlərinin miqyası genişdir, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı dövrə- cari ilin sonunadək 140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışı reallığa çevriləcək. Dövlətimizin başçısı İlham Əliyev Şuşanın Qaladərəsi kəndində sakinlərlə görüşündə bir daha qeyd etdi ki, ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, dövlətimizin başçısı sözügedən səfər zamanı Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin, Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak etdi, Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzdü, Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə, Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu. Dövlətimizin başçısı kəndə qayıdan sakinlərlə görüşdü. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə bu günədək Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin aydın mənzərəsini yaradır. Əsas məqsədlərdən biri bu torpaqlara qayıdan sakinlərin yüksək yaşayış səviyyəsini, məşğulluğunu təmin etməkdir. Azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi, ölkəmizin dayanıqlı inkişafına töhfələr verməsi əsas prioritetlər sırasındadır. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin açılışında iştirak etdiyi Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyət də bu istiqamətdə atılan addımlar sırasındadır. Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı “Qarabağ Tekstil Evi” MMC-nin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 85 nəfər daimi işlə təmin olunub. Onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzuru iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi “Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab-əziyyət içində yaşamısınız, bundan sonra ancaq xoşbəxt həyat olmalıdır” fikirləri Böyük Qayıdış Proqramının uğurlu icrasının, hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmaq istəyimizin təqdimatı oldu. Prezident İlham Əliyev görüşdə onu da bildirdi ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi.

Millət vəkili bildirib ki, son beş ildən artıq dövrün qürurverici hadisələrindən biri təbii ki, bayramlarımızın, əlamətdar tarixlərin azad edilmiş ərazilərimizdə qeyd edilməsidir. 28 May-Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri, doğma yurda qayıdan sakinlərlə görüşləri də artıq ənənə halını alıb. Budəfəki bayram görüşünün iştirakçıları olan Böyük Qaladərəsi kəndinin sakinləri onlar üçün yaradılan belə yüksək şəraitə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirdilər. Qeyd edək ki, kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı işğaldan azad olunub. Kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. İlkin olaraq kəndə 64 nəfər qayıdıb. Hər bir qayıdış tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə güc topladıq. Hazır olan zaman gəldik və elə gəldik ki, şanlı Zəfərimiz bütün dünyaya səs saldı. Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında oldu.

Vüqar Rəhimzadə qısa təhlil əsasında belə ümumiləşdirmə aparıb ki, Qarabağ və Şərqi Zəngəzurda müasir, dayanıqlı infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Qısa zamanda bu torpaqlarda 3 yeni beynəlxalq hava limanının istifadəyə verilməsi görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, sosial infrastrukturun bərpası davam etdirilr. Enerji təhlükəsizliyinin təminatına xüsusi önəm verilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağımızda və Şərqi Zəngəzurumuzda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Bu ərazilərdə iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Görülən və görüləcək işlər çoxdur. Hər bir hədəfə ardıcıllıqla nail olan Azərbaycan Böyük Qayıdış Proqramının da uğurlu icrasını tam şəkildə başa çatdıracaq, bütün azad edilmiş ərazilərimiz sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayacaq. Dövlətimizin başçısı İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, “dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: