Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir

A- A A+

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç görüşdə bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiqdir, iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir.

Serbiya Milli Assambleyasının sədri Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etdiyinə görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib. O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın dəstəyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Ana Brnabiç iki ölkənin parlamentləri arasındakı münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan, xüsusilə ölkələrimizin ərazi bütövlüyü, suverenlik məsələlərində bir-birini dəstəkləməsindən məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.

Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolundan danışan spiker Sahibə Qafarova bu kontekstdə prezidentlər İlham Əliyev ilə Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.

Görüşdə parlamentlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: