Müasir dünyada beynəlxalq əlaqələrin sürətlə dəyişdiyinin şahidi oluruq. Geosiyasi münaqişələr, enerji böhranları və regional müharibələr beynəlxalq təşkilatları daha tez qərar verməyə məcbur edir. Bu səbəbdən Avropa İttifaqında (Aİ) veto hüququnun ləğvi məsələsi son illərin ən çox müzakirə olunan mövzusudur.
Uzun illər boyu veto hüququ üzv ölkələrin maraqlarını qorumuşdur. Lakin Aİ böyüdükcə bu sistem qərarların gecikməsinə və daxili parçalanmaya səbəb olmağa başladı. Xüsusilə yeni üzvlərin qəbulu, təhlükəsizlik və xarici siyasət məsələlərində ortaq qərarların qəbul edilməsi getdikcə mürəkkəbləşir. Ona görə də qərarın bloklanması mexanizminin sıradan çıxarılması təkcə hüquqi dəyişiklik deyil, Avropanın gələcəyini müəyyən edəcək strateji bir addımdır.
Hazırda Aİ-da bəzi vacib qərarlar yalnız bütün ölkələrin razılığı ilə qəbul olunur. Bu qayda hər hansı bir ölkəyə qərarı təkbaşına dayandırmaq imkanı verir. İlk baxışdan bu sistem ədalətli görünsə də, praktikada ümumi Avropa maraqları bəzi dövlətlərin daxili siyasətinə qurban verilir.
Son illərdə enerji, köç problemi, sanksiyalar və müdafiə məsələlərində yaşanan gecikmələr ittifaqın nüfuzuna ciddi zərbə vurmuşdur. Konsensus tələbinin aradan qaldırılması Aİ-na böhranlara daha çevik reaksiya vermək imkanı qazandıracaq. Bugünkü dünyada risklər sürətlə dəyişdiyindən, uzun çəkən danışıqlar təşkilatı zəiflədir. Vahid qərarvermə sistemi Avropanın dünyada güclü bir güc kimi çıxış etməsinə şərait yaradacaq. Bu dəyişiklik namizəd ölkələrin ittifaqa qəbulunu daha sürətli və şəffaf edəcək. Bu isə Balkan və Şərqi Avropa ölkələri üçün strateji üstünlük qazandıraraq geniş perspektivlər açacaq.
Bütün ölkələrin eyni vaxtda razılıq verməsi qaydasından imtina edilməsi həm də Aİ-nın qlobal siyasətdə daha müstəqil olmasına kömək edəcək. Bir çox ekspertlər hesab edirlər ki, sürətli qərarlar Avropanın xarici siyasətdə ABŞ-dan asılılığını azalda bilər. Avropa dövlətləri uzun illər təhlükəsizlik və müdafiə sahəsində ABŞ ilə sıx əməkdaşlıq etmiş, NATO çərçivəsində kollektiv müdafiə sistemindən faydalanmışdır. Lakin son geosiyasi dəyişikliklər Avropada “strateji müstəqillik” ideyasını daha da aktuallaşdırmışdır. Bu yanaşma Avropanın öz maraqlarını sərbəst qorumasını və xarici tərəfdaşlardan assıllığını azaldaraq təhlükəsizlik risklərinə daha operativ qərarvermə imkanı yaradacaqdır.
Veto hüququnun ləğvi yeni üzv dövlətlər üçün də mühüm imkanlar yarada bilər. Hazırda bəzi ölkələrin siyasi mövqeyi səbəbindən genişlənmə prosesi ləngiyir. Yeni mexanizm isə namizəd dövlətlərin daha obyektiv qiymətləndirilməsinə imkan verəcək.
Bu proses yalnız siyasi deyil, həm də iqtisadi üstünlüklər vəd edir. Avropa bazarına inteqrasiya, investisiya axınının artması, hüquqi institutların inkişafı və təhlükəsizlik sisteminə qoşulmaq yeni üzvlərin inkişafına ciddi töhfə verə bilər.
Fərdi etiraz hüququnun məhdudlaşdırılması ortaq xarici siyasəti sürətləndirəcək. Nəticədə ittifaq təkcə ABŞ ilə deyil, digər qlobal güclərlə də balanslı əlaqələr qura biləcək. Bu dəyişiklik vahid Avropa ordusu ideyasını gücləndirəcək və enerji sahəsində müstəqil qərarlara yol açacaq.
Bununla belə, Avropa ilə ABŞ arasındakı strateji tərəfdaşlığın tamamilə zəifləməsi gözlənilmir. Əksinə, Avropanın vahid mövqedən çıxış etməsi bu əməkdaşlığı daha bərabərhüquqlu edəcək. Deməli, milli veto mexanizminin aradan qaldırılması təkcə daxili islahat deyil, həm də Avropanın dünyadakı rolunu gücləndirən amildir.
Böyük dövlətlər arasında rəqabətin artdığı bir dövrdə Aİ ya daha güclü bir mərkəzə çevrilməli, ya da parçalanma riski ilə barışmalıdır. Sözügedən imtiyazın ləğvi kiçik dövlətlərin də maraqlarını qorumaqla bərabər yeni üzvlərin inteqrasiyasını asanlaşdıracaq və qərarverməni sürətləndirəcək.
Bu addım Aİ üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər. İslahat Avropanın daxili birliyini möhkəmləndirəcək və beynəlxalq nüfuzunu artıracaq. Müzakirə olunan qərarvermə formatının gələcək taleyi sadəcə prosedural bir məsələ deyil, qlobal geosiyasi nizamın gələcək inkişaf dinamikasını və beynəlxalq idarəetmə prinsiplərini tamamilə yenidən şəkilləndirəcək strateji dönüş nöqtəsidir.
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik Beynəlxalq
Antiterror Birliyi Prezidentinin müşaviri
