Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu fikri Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
A.Hacızadə bildirib ki, hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
“Hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüb. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, - deyə o əlavə edib.
