Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı bir sıra strateji məqamlara toxundu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın neft strategiyası bir tərəfdən ölkədə infrastrukturun və sosial təminat sisteminin inkişafına imkan yaradıb, digər tərəfdən isə Azərbaycanı investisiya cəlb edən ölkədən investor dövlətə çevirib.
Bu fikirləri NUHÇIXAN-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O diqqətə çatdırıb ki, bu gün Azərbaycan xarici ölkələrdə, o cümlədən Avropa İttifaqı məkanında investisiya qoyuluşları həyata keçirən dövlətlər sırasındadır.
“Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycanın ciddi sərmayə qoyuluşlarına ehtiyacı var idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bağlanan bu müqavilədə Azərbaycanın milli maraqları tam şəkildə təmin olundu və ölkə qısa müddət ərzində bonus ödənişləri də daxil olmaqla böyük həcmdə xarici sərmayə cəlb edə bildi. Şübhəsiz ki, ötən müddətdə Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmində əhəmiyyətli artım müşahidə olunub. İsveçrə də daxil olmaqla bir sıra Avropa ölkələrində Azərbaycanın, xüsusilə də Dövlət Neft Şirkətinin (SOCAR) investisiyaları mövcuddur”,- deyə o bildirib.
V.Bayramov qeyd edib ki, bütün bunlar həm dövlət şirkətləri, həm də özəl sektor və yerli biznes üçün yeni imkanlar yaradır: “Çünki biznesdə investisiya portfelini genişləndirmək məqsədilə yalnız ölkə daxilində deyil, həm də xarici ölkələrdə sərmayə qoyuluşları həyata keçirmək daha yüksək gəlir əldə etməyə imkan yaradır. Bu da sözsüz dövlətin gücünü və fiskal gəlirlərindəki artımı göstərən əsas faktorlardan biridir. Bu kontekstdən biz birmənalı şəkildə məhz Azərbaycanın iqtisadi gücünün artması və bu gücün möhkəmlənməsi fonunda kiçik və orta sahibkarlar da daxil olmaqla yerli biznes subyektləri üçün yeni imkanların yaradılmasını müşahidə edirik”.
