Milli Məclisin komitə iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Mayın 22-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclası açan komitənin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi səkkiz fəsil, 40 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir - əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakına və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin potez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
Sonra Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb. Qeyd olunub ki, təkliflərə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar, beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
Bundan başqa, iclasda “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi nəzərdən keçirilib. Qeyd olunub ki, dəyişikliyə görə vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. Bildirilib ki, digər təklif oluna dəyişikliklər texniki xarakter daşıyır.
Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.
Müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.