Vüqar Rəhimzadə: 9 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında dönüş nöqtəsidir

A- A A+

1993-cü ilin 9 iyunu adi bir təqvim günü deyil, müasir müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış ilə  Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, yenicə dövlət müstəqilliyini  bərpa etmiş ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinin əsası qoyuldu. Ümumilikdə 1991-1993-cü illər Azərbaycanın müasir tarixində ən mürəkkəb və ziddiyyətli dövrlərdən biri kimi xarakterizə olunur. Müstəqilliyimizin bərpasının ilk  illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, şəxsi maraqlarının əsirinə çevrilmələri ucbatından Azərbaycan  bir dövlət təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hökm sürən xaos, idarəetmədə yol verilən ciddi səhvlər, ayrı-ayrı siyasi qruplar arasında hakimiyyət uğrunda amansız  mübarizə və məsuliyyətsiz qərarlar Azərbaycanı dərin böhrana sürükləmişdi. Həmin dövrdə hakimiyyəti zor gücünə  zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsiz və yarıtmaz fəaliyyəti ölkənin milli maraqlarına ciddi zərbə vurmuş, dövlət idarəçiliyində xaos yaratmışdı.

Bu illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha da genişlənir, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Orduda vahid komandanlığın olmaması, silahlı dəstələrin müxtəlif siyasi qrupların maraqlarına xidmət etməsi ölkənin müdafiə qabiliyyətini zəiflədirdi. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş qaldıran hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi.  Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda həmin dövrü belə xarakterizə etmişdir: “Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi.”

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə  mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın çox böyük problemlərlə, itkilərlə üzləşdiyi 1991-1993-cü illər iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü kimi xarakterizə edilir. Həmin mərhələdə  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da artdı, azərbaycanlılar amansız soyqırımı aktları və qətliamlarla müşayiət olunan vəhşiliklərlə  doğma yurdlarından  qovuldular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi.  İkinci mərhələ 1992-ci ilin yay aylarından 1993-cü ilin iyununa qədərki dövrü əhatə edir. Bu mərhələ dövlətin idarə edilməsində   biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü kimi səciyyələnir. Hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyur, Bakı küçələrində əlisilahlı şəxslər dəstə-dəstə gəzirdi. AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün faktiki olaraq  vətəndaş müharibəsinə başlamışdı.

Vüqar Rəhimzadə vurğulayıb ki, məhz belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı  böyük dövlətçilik təcrübəsi olan, ölkəni bu ağır sınaqdan çıxara biləcək dahi şəxsiyyətə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə üz tutdu.  Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı. Başqa sözlə, bu qayıdış Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında dönüş nöqtəsi oldu.  Xalqımız əmin idi ki, Ümummilli Lider  Heydər Əliyev Azərbaycanı düçar olduğu fəlakətdən qurtaracaq, müstəqilliyimizi qoruyub saxlayacaq və əbədi edəcək. Belə də oldu. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ümummilli Lider  Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora getdi, şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb söhbət etdi. Ulu Öndərin bu addımı insanlarda sabaha böyük ümid yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcəyinə əminlik elə ilk andan öz təsdiqini tapdı. Ümummilli Lider Gəncədə qarşıdurmanın aradan qaldırılması, ölkədə sabitliyin bərpa olunması və milli birliyin təmin edilməsi istiqamətində mühüm müzakirələr apardı. Yaranmış siyasi böhrandan çıxış yolları ilə bağlı dəyərli tövsiyələrini verdi, ölkənin gələcəyi naminə bütün qüvvələri məsuliyyət və həmrəylik nümayiş etdirməyə çağırdı.

Ulu Öndər Heydər Əliyev Gəncə səfərinin nəticələri və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini Azərbaycan Ali Sovetinin iyunun 15-də keçirilən fövqəladə sessiyasında ətraflı şəkildə açıqladı. Həmin gün Azərbaycanın dövlətçilik tarixində taleyüklü hadisə kimi əbədiləşdi. Ali Sovetin sessiyasında deputatların yekdil qərarı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, ölkənin böhrandan çıxarılması, dövlət müstəqilliyinin qorunması və sabitliyin bərpası istiqamətində atılan ən  doğru addım oldu.1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin  iyun ayında isə Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü  elan etdi. Beləliklə,  Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, bir sözlə, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.

Millət vəkili bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanı yenidən qurdu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bugünkü reallıqların əsasını qoydu.  Buna görə də 9 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşında Milli Qurtuluşun başlanğıcı, dövlət müstəqilliyinin xilası və gələcəyə aparan yolun başlanğıcı kimi əbədi yaşayır. Həmin vaxtdan ötən 33 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycandır. O Azərbaycan ki, son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə  Ümummilli Liderin  1993-2003-cü illərdə   yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir, Zəfərdən Zəfərə inamla addımlayır.

Bu gün başlanğıcını 15 İyun-Milli Qurtuluş Günündən götürən uğurlarımızın miqyası ölçüyəgəlməzdir. Hər bir ölkənin, xalqın taleyində onun gələcəyini özündə ehtiva edən dönüş nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətinin hər iki dövründə,  o cümlədən fəaliyyətinin Naxçıvan mərhələsində  bu kimi həlledici məqamlar çoxluq təşkil edir. Reallıq budur ki, Ulu Öndər  Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, zəfərlərə aparacağıq. Son 22 ildən artıq dövrün reallıqları  hər bir vədin təsdiqidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ümummilli Lider Heydər Əliyevin 9 iyun 1993-cü ildə Bakıya qayıdışı ilə Azərbaycanın müasir tarixində başlanan mərhələ biri-birindən möhtəşəm uğurlarla, zəfərlərlə zənginləşir, dünyaya inkişafın Azərbaycan modelini təqdim edir. Bu gün  müasir müstəqil, qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, qalibiyyət rəmzi olan üçrəngli Bayrağı azad Qarabağda və azad Şərqi Zəngəzurda əzəmətlə dalğalanan Azərbaycan qürur mənbəyimizdir. Bu möhtəşəm uğurumuz  xalqımızın milli qürurunun, sarsılmaz birliyinin,  əbədi müstəqilliyinin, suverenliyinin təntənəsidir!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: