Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir.
NUHÇIXAN xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.
“Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz”, - deyə Si Cinpin qeyd edib.
Çin Xalq Respublikasının Sədri vurğulayıb ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. “Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”, - deyə o qeyd edib.
Si Cinpin Prezident İlham Əliyevin Çin xalqının çoxdankı dostu olduğunu, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərdiyini deyib. “Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”, - deyə Çin Xalq Respublikasının Sədri bildirib.