Bu gün televizoru açanda və ya sosial şəbəkələrdə xəbər lentini vərəqləyəndə hamımız eyni mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə bitmək bilməyən regional müharibələr, digər tərəfdə qlobal iqtisadi böhranlar və böyük dövlətlərin bir-birinə qarşı bitməyən ittihamları. Siyasətçilər və analitiklər bu mürəkkəb mənzərəni "Yeni Dünya Nizamı" adlandırırlar. Amma sadə dillə desək, biz hazırda qaydaların yenidən yazıldığı, köhnə təhlükəsizlik sistemlərinin tamamilə çökdüyü çox turbulent bir keçid dövrünü yaşayırıq.
Bəs bu qlobal fırtına bizim gündəlik həyatımıza, cibimizə və ən əsası regionun lider ölkəsi olan Azərbaycanımıza necə təsir edir? Müharibələr nə qədər uzaqda olsalar da, təsirləri qapımızdadır. Müasir dünya elə qurulub ki, artıq heç bir münaqişə "lokal" qala bilmir. Dünyanın hər hansı bir nöqtəsində alovlanan qığılcım zəncirvari reaksiya ilə bütün qitələri sarsıdır.
Çağdaş dünya nizamı eyni vaxtda həm çoxtərəfli geosiyasi qarşıdurmaların texnoloji cəbhəsi, həm də regional böhranların iqtisadi fəsadları ilə sınağa çəkilir. Bir tərəfdən, ABŞ və Çin arasındakı qlobal rəqabət gələcəyin aparıcı texnologiyalarını, xüsusilə süni intellekt layihələrini və strateji mikrosxem istehsalını qarşılıqlı sanksiyaların və rəqəmsal blokadanın girovuna çevirib. Paralel olaraq, fiziki ticarət və təchizat yolları da həm coğrafi, həm də hərbi münaqişələrin birbaşa təzyiqi altındadır. Yaxın Şərqdə alovlanan gərginliklər regionun kritik dəniz magistrallarını təhlükə altına ataraq qlobal tədarük zəncirini baha başa gələn logistik xaosla üz-üzə qoyduğu halda, Ukrayna və Rusiya arasındakı müharibə sadəcə iki ölkənin hərbi davası olmaqdan çıxıb, qlobal qida təhlükəsizliyini və enerji xətlərini alt-üst edən kütləvi bir böhrana çevrilmişdir. Beləliklə, həm virtual, həm iqtisadi, həm də logistik dünyanın strateji qovşaqları vahid bir qlobal qeyri-müəyyənliyin zəncirvari qurbanına çevrilməkdədir.
Böyük güclər artıq hamı üçün keçərli olan ortaq qaydalar yaratmaqdansa, öz ətraflarına tərəfdaşlar toplayaraq iqtisadi və texnoloji bloklar qurmağa üstünlük verirlər. BMT kimi ali qurumların qlobal böhranlar qarşısında aciz qalması isə dünyanı daha da qeyri-müəyyən vəziyyətə salır.
Parçalanmış dünyada əməkdaşlıq axtarışları davam edərkən, maraqlı bir tendensiya müşahidə olunur. Coğrafi və strateji cəhətdən çevik hərəkət edən "Orta Güclər" qlobal arenada əsas söz sahibinə çevrilirlər. Bu ölkələrin ön sıralarında isə qətiyyətli xarici siyasəti ilə seçilən Azərbaycan dayanır. Ölkəmiz böyük güclərin ideoloji davasında kor-koranə hər hansı bir tərəfi seçmək əvəzinə, hər iki qütbü birləşdirən əvəzsiz bir körpü, praqmatik müttəfiq rolunu oynayır və mövcud geosiyasi böhrandan özünün iki əsas 'silahı' ilə qalib ayrılır."
Birinci silahımız Qlobal Ticarətin "Xilasedici Kəməri" hesab edilən Orta Dəhliz: Rusiya üzərindən keçən şimal ticarət yolunun sanksiyalar səbəbindən bağlanması və Yaxın Şərqdəki münaqişələrin dəniz yollarını vurması qlobal logistikanı çıxılmaz vəziyyətə saldı. Məhz bu məqamda Çindən gələn yüklərin Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya çatdırıldığı "Orta Dəhliz" qlobal ticarətin xilasedici kəmərinə çevrildi. Bu gün həm Şərq (Çin və tərəfdaşları), həm də Qərb (Avropa İttifaqı) öz yüklərinin təhlükəsiz daşınması üçün Bakının qapısını döyür və bu strateji marşrutun genişləndirilməsinə investisiya qoymaq istəyir.
İkinci silahımız Avropanın Enerji Qarantı rolunu oynayan Yaşıl Enerji: Rusiyadan qaz tədarükünü kəsən Avropa ciddi enerji böhranı keçirərkən, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə bir çox Şərqi və Cənubi Avropa ölkəsinin ən etibarlı tərəfdaşına çevrildi. Lakin Bakı bununla da kifayətlənmir. İqlim böhranının qlobal gündəmi zəbt etdiyi bu dövrdə, ölkəmiz Xəzər dənizində istehsal olunacaq nəhəng külək və günəş enerjisini, "yaşıl enerjini" də xüsusi kabellərlə Avropaya ixrac etməyə hazırlaşır. Bu, Azərbaycanı gələcəyin ekoloji nizamında da əsas oyunçulardan biri edir.
Əlbəttə, dünyadakı bu nəhəng dəyişikliklərin bizim iqtisadi tərəzimizə, gündəlik həyatımıza və bazarlarımıza həm müsbət, həm də mənfi təsirləri qaçılmazdır. Dünyada enerji gərginliyi davam etdikcə neft və qazın qiyməti yüksək səviyyədə qalır. Bu, dövlət büdcəmizə və Neft Fondumuza milyardlarla dollar əlavə vəsaitin daxil olması deməkdir. Həmin vəsaitlər dövlətimizin milli-iqtisadi tərəqqisinə təkan verməklə yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəlmiş sosial layihələrin davamlılığını təmin edir. Ölkəmizdən tranzit marşrutlarla keçən xarici yük qatarlarının, gəmilərin və TIR-ların sayı da rekord həddə çatacaq. Bu səbəbdən də nəqliyyat, gömrük, otelçilik və xidmət sektorundan gələn qeyri-neft gəlirlərimiz də sürətlə artacaq.
Azərbaycan buğda, yüksək texnologiya, dərman və maşınqayırma məhsullarının mühüm hissəsini xaricdən alır. Dünyada müharibələr səbəbindən istehsal xərcləri və logistika bahalaşdıqca, bizim idxal etdiyimiz malların da qiyməti qalxır. Yəni qlobal inflyasiya bizim yerli bazarlarda da özünü qiymət artımı kimi büruzə verir. Əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin iqtisadiyyatı sanksiyalar altında zəiflədikdə, bu, bizim yerli kənd təsərrüfatı məhsullarımızın xaricə ixracına müəyyən maneələr yaradır. Bu da mənfi və riskli tərəflərdən biri hesab olunur.
Dünya artıq əvvəlki kimi sakit deyil və tək bir dövlətin hər şeyi idarə etdiyi dövr geridə qalıb. Lakin bu qarışıqlıq mütləq böyük bir dünya müharibəsi ilə nəticələnməməlidir. Sülhü və sabitliyi qorumağın yolu böyük dövlətlərin ideoloji davaları kənara qoymasından keçir. Onlar iqlim dəyişikliyi, nəqliyyat yolları və təhlükəsizlik kimi hamıya təsir edən ortaq problemləri həll etmək üçün birlikdə işləməyə başlamalıdırlar.
Azərbaycan isə bu nəhəng geosiyasi fırtınanın tam mərkəzində yerləşsə də, balanslaşdırılmış siyasəti, güclü ordusu və strateji layihələri sayəsində gəmisini bu dalğalı dənizdən minimum zərər və maksimum milli qazancla çıxarmağı bacaracaq.
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik Beynəlxalq
Antiterror Birliyi Prezidentinin müşaviri
