Bir xalqın yüksəliş tarixi: Qurtuluşdan Zəfərə aparan LİDERlik məktəbi

A- A A+

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan danışarkən, istər-istəməz tarixə nəzər salmaq və bir qədər əvvələ – 1969-cu ilin 14 iyul tarixinə qayıtmaq lazım gəlir. Çünki bu tarix ölkəmizin gələcək inkişafının təməlini qoyan mühüm mərhələnin başlanğıcı olmuşdur. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər seçilmiş və ölkəmizdə yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur.

Bu gün dünyanın istənilən yerində Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan başa düşülür. Çünki müstəqil və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

“Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”, - deyən dahi şəxsiyyət həm də vurğulayırdı ki, “Azərbaycana bəxş etdiyim bu töhfələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”.

Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan iqtisadi, sosial və mədəni sahələrdə böyük inkişaf yolu keçmiş, güclü sənaye və kənd təsərrüfatı potensialı formalaşdırılmış, minlərlə yeni obyekt istifadəyə verilmişdir. Bununla yanaşı, milli kadr hazırlığına, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının ana xəttində azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndərin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi əslində son ana qədər azərbaycançılıq məfkurəsinə sadiqliyin, əsl liderə məxsus olan vətənpərvərlik mövqeyinin nümayişi idi.

Xalqımızın böyük oğlunun 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, muxtar respublikanı işğaldan qoruması, bayrağımızı yenidən yüksəltməsi, milli ordu quruculuğuna başlaması, bir sözlə muxtar respublikada müstəqil dövlətçiyimizin əsaslarını yaratması yenicə qazandığı müstəqilliyi itirmək və parçalanmaq təhlükəsi yaşayan Azərbaycanın nicatına çevrildi. 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi möhkəmləndirdi, ölkəmiz yenidən 1969-cu ilin inkişaf xəttinə qayıtdı. 

Tarix özü sübut etdi ki, Heydər Əliyev siyasi xətti Azərbaycanın bugünkü uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir. Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ancaq Ulu Öndərin siyasi xəttindən keçir. Əgər 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn möhtərəm Heydər Əliyev Azərbaycanı böyük imperiyanın tərkibində yox olmaqdan, milli varlığını itirməkdən xilas etmişdirsə, 1993-cü ildə hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycanın qurtuluş tarixinin əsasını qoymuşdur.

Ümummilli Liderin əsəri olan müstəqil Azərbaycan həm də sübut etmişdir ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Ulu Öndərin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirmişdir.

Dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini qorumaqla yanaşı, onun gələcək inkişafının strateji istiqamətlərini müəyyən etməsi oldu. Məhz Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən etibarən isə bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməyə başlandı. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirdi və Azərbaycanın inkişafını yeni mərhələyə yüksəltdi.

Ötən müddətdə Azərbaycanın iqtisadi gücü dəfələrlə artmış, ölkədə genişmiqyaslı sosial və infrastruktur layihələri həyata keçirilmişdir. Müasir yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilmiş, regionların inkişafına yönəlmiş dövlət proqramları uğurla icra edilmişdir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənmiş, bir çox qlobal layihələr ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritetlərindən biri də güclü ordu quruculuğu olmuşdur. Ulu Öndərin əsasını qoyduğu milli ordu quruculuğu siyasəti daha da inkişaf etdirilmiş, Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilmişdir. Məhz bunun nəticəsində Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı, işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü, suverenliyimiz təmin olundu.

Prezident İlham Əliyevin dediyi kimi: Mən... xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu sözlər təkcə bir siyasi LİDERin qələbə sevincini deyil, həm də Heydər Əliyev ideyalarının təntənəsini ifadə edir. Ulu Öndərin azad görmək istədiyi Qarabağ bu gün yenidən dirçəlir, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramı uğurla həyata keçirilir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır. Azərbaycan artıq təkcə regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən biri kimi qəbul edilir, beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilir.

Tarix göstərir ki, 1969-cu ilin 14 iyulunda əsası qoyulan inkişaf strategiyası, 1993-cü ilin 15 iyununda dövlətçiliyin xilası ilə yeni məzmun qazanmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Böyük Zəfərə və yeni inkişaf mərhələsinə çevrilmişdir. Bu gün müstəqil, güclü, suveren və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin və cənab İlham Əliyevin qətiyyətli liderliyinin parlaq nəticəsidir.

Milli Qurtuluşdan Böyük Zəfərə uzanan bu şərəfli yol Azərbaycan xalqının iradəsinin, dövlətçilik ənənələrinin və uzaqgörən liderliyin təntənəsidir. Bu yolun başlanğıcında Ulu Öndər Heydər Əliyev dayanırsa, onun uğurlu davamı və zirvəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan müasir Azərbaycan tarixində öz əksini tapır.

Bu əlamətdar gün – Milli Qurtuluş Günü müasibətilə Azərbaycan xalqını təbrik edir, fikirlərimi dahi şəxsiyyətin müdrik sözləri ilə tamamlayıram: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

 

Qəzənfər Abdullayev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: