Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.
Bu barədə NUHÇIXAN-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Bakıda Şimali Kipr Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.
Tərəflər Azərbaycan ilə Şimali Kipr arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.
