15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və taleyüklü səhifələrindən biridir. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilməsi, sabitlik və inkişaf yoluna çıxması ilə xarakterizə olunur. Məhz 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin gələcək inkişafının əsasını qoymuş, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında həlledici rol oynamışdır.
1987-ci ilin oktyabrında Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq tutduğu yüksək vəzifələrdən istefa verməsindən sonra regionda və ölkədə mürəkkəb proseslər başladı. Qısa müddət sonra erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Bununla da Azərbaycan xalqının ağır sınaqlarla dolu bir dövrü başlandı. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, ölkənin güclü siyasi rəhbərliyə və milli maraqları qətiyyətlə müdafiə edə bilən liderə ehtiyacı var idi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə ciddi ictimai-siyasi və iqtisadi problemlər yaşanırdı. Dövlət idarəetmə sistemindəki çatışmazlıqlar, hakimiyyət uğrunda mübarizələr, qanunsuz silahlı dəstələrin fəaliyyəti, separatçılıq meyilləri və iqtisadi tənəzzül ölkəni ağır vəziyyətə salmışdı. Torpaqların işğalı davam edir, əhalinin sosial vəziyyəti gündən-günə pisləşirdi. Dövlətçiliyin əsasları sarsılır, vətəndaş qarşıdurması və parçalanma təhlükəsi getdikcə artırdı. 1993-cü ildə vəziyyət o həddə çatmışdı ki, Azərbaycan faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə mürəkkəb və gərgin şəraitdə xalqın ümid yeri yalnız Heydər Əliyev idi. Azərbaycan cəmiyyəti yaxşı anlayırdı ki, ölkəni bu böhrandan çıxarmağa qadir yeganə siyasi xadim məhz Heydər Əliyevdir. Xalqın çağırışına səs verən Ümummilli Lider 1993-cü il iyunun 9-da Bakıya gəldi. O, ilk gündən ölkədə sabitliyin təmin olunması, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlətçiliyin qorunması istiqamətində qətiyyətli addımlar atdı. Hətta həyatını təhlükəyə ataraq Gəncəyə getməsi və yaranmış böhranlı vəziyyətin aradan qaldırılması üçün göstərdiyi səylər onun dövlət və xalq qarşısında məsuliyyət hissinin parlaq nümunəsi idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Həmin gün sonralar Milli Qurtuluş Günü kimi tarixə düşdü. Bu tarixdən etibarən Azərbaycanda dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə sabitlik bərpa olundu, anarxiya və özbaşınalığın qarşısı alındı. Milli Qurtuluşdan sonra həyata keçirilən tədbirlər Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırdı. Qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, dövlət idarəetmə sistemi yenidən quruldu, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Nizami ordu formalaşdırıldı, atəşkəs əldə edildi və münaqişənin siyasi yolla həlli istiqamətində danışıqlara başlanıldı. İlk parlament seçkilərinin keçirilməsi və referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi ölkədə demokratik institutların inkişafına təkan verdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanın gələcək inkişafını müəyyənləşdirdi. Neft strategiyasının əsasının qoyulması, beynəlxalq müqavilələrin imzalanması və xarici sərmayələrin cəlb edilməsi ölkənin iqtisadi dirçəlişinə şərait yaratdı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı, dünya birliyinə inteqrasiya prosesləri sürətləndi. Bütün bunlar ölkənin müstəqilliyinin möhkəmlənməsinə və dövlətçilik ənənələrinin güclənməsinə xidmət etdi. Ümummilli Lider Heydər Əliyev yalnız dövlət xadimi deyil, həm də xalqı ətrafında birləşdirən milli lider idi. O, hər zaman ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin dövlətin inkişafı üçün əsas şərt olduğunu vurğulayırdı. Məhz onun rəhbərliyi dövründə Azərbaycanda milli birlik və dövlətçilik ideyaları daha da gücləndi. Xalqın Heydər Əliyevə olan inamı, onun siyasi iradəsi və Vətənə sonsuz sevgisi tarixi xilaskarlıq missiyasının uğurla həyata keçirilməsini təmin edən əsas amillər oldu.
Milli Qurtuluşdan sonra əsası qoyulan sabitlik və inkişaf siyasəti illər keçdikcə Azərbaycanın hərtərəfli güclənməsinə səbəb oldu. Məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artmasını təmin etdi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrildi, müasir və peşəkar ordu formalaşdırıldı, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirildi. Bütün bunlar isə 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfərin möhkəm təməlini təşkil etdi. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Uzun illər ərzində viran qoyulmuş şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, sosial və iqtisadi infrastruktur yaradılır. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən böyük quruculuq proqramlarından biri hesab olunur. Azad edilmiş ərazilərdə yeni avtomobil və dəmir yolları çəkilir, beynəlxalq standartlara cavab verən hava limanları istifadəyə verilir, enerji və su təsərrüfatı infrastrukturu yenidən qurulur. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, müasir magistral yolların inşası, yaşayış məntəqələrinin yenidən qurulması bölgənin iqtisadi və sosial dirçəlişinə xidmət edir. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpası, tarixi və dini abidələrin yenidən qurulması milli-mədəni irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar bu gün öz ata-baba yurdlarında yeni həyata başlayırlar. Onlar üçün müasir evlər tikilir, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər istifadəyə verilir. Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa edilmir, eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurulur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir.
Bu uğurlar bir daha təsdiq edir ki, 15 İyun Milli Qurtuluş Günü ilə başlanan sabitlik və inkişaf yolu Azərbaycanın bugünkü qüdrətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Heydər Əliyev siyasi kursunun uğurlu davamının ən parlaq təzahürüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş yaradan, dövlətçiliyimizin qorunub saxlanılmasını təmin edən mühüm tarixi hadisədir. Bu gün xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur və müstəqil Azərbaycanın xilası, sabitliyi və inkişafının rəmzi kimi dəyərləndirilir. 15 İyun Azərbaycan tarixində yalnız bir təqvim günü deyil, milli birliyin, dövlətçilik iradəsinin və gələcəyə inamın təntənəsi kimi əbədi yaşayacaqdır. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, doğma torpaqlarına qayıdan soydaşlarımız Milli Qurtuluşun bəhrələrinin ən parlaq təcəssümüdür.
Təhminə Babayeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
