Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir - FOTOLAR

A- A A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 16-da Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti kardinal Con Ceykob Kuvakad və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişaf perspektivləri, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda dayanıqlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olması istiqamətində ardıcıl səylər göstərdiyini, mühüm təşəbbüslərlə çıxış etdiyini bildirib.

Qeyd edilib ki, respublikada müxtəlif dini konfessiyalara mənsub icmaların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların dini-mədəni irsinin qorunması, ibadət yerlərinin bərpası və dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, birgəyaşayışın Azərbaycan modeli qarşılıqlı hörmət, bərabərhüquqluluq və inklüzivlik prinsiplərinə əsaslanır.

Komitə sədri uğurlu əməkdaşlıq münasibətlərinin əhəmiyyətinə toxunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikan ilə tərəfdaşlığının sivilizasiyalararası dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Kardinal Con Ceykob Kuvakad ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

O, Azərbaycanda dini müxtəlifliyin qorunması və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işləri, eləcə də ölkəmizin bu sahədə zəngin təcrübəsini və qlobal miqyasda dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib. Kardinal müxtəlif dini konfessiyaların liderləri arasında formalaşmış əməkdaşlıq və dostluq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb.

Görüşdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycanda birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filmi barədə ətraflı məlumat verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin xarici ölkələrdə, o cümlədən Vatikanda təqdim olunması ideyası ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində həyata keçirilən birgə təşəbbüslər, qlobal çağırışlar fonunda dini liderlər və qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: