ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov yazır

A- A A+

 

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə 18-19 iyun tarixlərində Ordubad şəhərində keçiriləcək Qərbi Azərbaycana qayıdış Festival-konqresinə hazırlıq işləri tam olaraq tamamlanmışdır. Tədbirin keçirilməsi üçün səhnənin hazırlanması, studiyanın qurulması, tədbirin gedişinin proqram üzrə tənzimlənməsi məsələləri yüksək səviyyədə təmin olunmuşdur. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin güclü idarəetməsi, təcrübəsi və peşəkarlığı ilə düzgün əlaqələndirilmiş olan tədbirlər, proseslərin bir-biri ilə daha səmərəli koordinasiya olunması ilə olduqca mütərəqqi görünməkdədir. Tarixiliklə müasirliyin vəhdətindən ibarət olan festival-konqres, həm də sosial mahiyyətinə, mədəni və hüquqi əhəmiyyətinə, milli-mənəvi dəyərlərinə görə olduqca yüksək təsirə malik olacaqdır. 

Artıq üçüncü festival-konqresin keçirilməsi üçün proseslər etibarlılıq, peşəkarlıq və uğurla yerinə yetirilmiş və bu gün öz işinə başlayacaq. Hər şeydən əvvəl, festival-konqresin keçiriləcəyi yer, tarixiliklə müasirliyin vəhdəti baxımından çox düzgün seçilmişdir. Azərbaycan Respublikasının dilbər güşələrindən biri olan Ordubad şəhərinin mərkəzində, bir tərəfdə, 1000 ildən artıq yaşı olan qədim çinar ağacının, bir tərəfdə, akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin, bir tərəfdə də isə XVII yüzilliyə aid olunan Ordubad Cümə Məscidinin əhatəsində festival-konqesin keçirilməsi olduqca əlamətdar olacaqdır. Təbii olaraq, düşünürük ki, Qərbi Azərbaycana qayıdış kimi müstəsna əhəmiyyətə malik olan bu mütərəqqi tədbirin keçirilməsini Ordubadla bir neçə sahə üzrə əlaqələndirmək olar ki, bunlar da, daha çox keçmişdən indiyə və xüsusilə də, ölkəmizin yeni iqtisadi reallıqları müstəvisində daha mütərəqqi görünməkdədir. Bütün tərəflərinə görə, bu festival-konqresi, eyni zamanda:

Tarixi və coğrafi bağlılıq sahəsindəki potensialın diqqətdə saxlanılması baxımından əlaqələndirmək olar. Burada, onu nəzərə almaq olar ki, Ordubad şəhəri, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının olduqca qədim şəhərlərindən biridir və muxtar respublika tarixən İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur kimi Qərbi Azərbaycan bölgələri ilə sıx və qarşılıqlı iqtisadi, eyni zamanda, mədəni əlaqələrə malik olub. Təbii olaraq, məhz bu mənada da, Ordubad şəhəri, ümumi tarixi yaddaşımızın bir hissəsi hesab oluna bilər.

Burada, həmçinin, mədəni irsin qorunması, bu günümüz üçün yaşadılması, gələcək nəsillər üçün olduğu kimi və daha da zənginləşdirilməklə, ərmağan olunması məsələlərini diqqətdə saxlamaq lazımdır. Bu gün tanış olduqca, gəzdikcə, Ordubadın bir daha qürurla şahid olduğumuz qədim məhəllələri, Cümə Məscidi, çox sayda 500-600, 900-1000, hətta bəzi yerlərdə 2000 illik yaşı olan tarixi çinarları, karvansaraları və ənənəvi şəhərsalma mədəniyyəti Azərbaycan xalqının tarixi-mədəni irsini yaşadan olduqca mühüm nümunələrdəndir, eyni zamanda, sosial və iqtisadi mahiyyətinə görə daha da aktuallığa malik olmaqdadır. Məhz bu baxımdan da qeyd etmək olar ki, Qərbi Azərbaycana Qayıdış ideyası da məhz tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ərmağan olunması müstəvisində düzgün əlaqələndirilə bilər.

Keçmişlə müasirliyin səsləşməsi baxımından da, festival-konqresin Ordubadda keçirilməsinə, eyni zamanda, tarixi ərazilərimizə qayıdışın qürurverici davamlılığı kimi də yanaşmaq olar. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyevin əsaslarını qoymuş olduğu tarixi Qayıdışın, işğaldan azad olunan ərazilərimizə, ordan isə Qərbi Azərbaycana davam etdiyini bir daha göstərmiş olur. Digər tərəfdən, fikrimizcə, Qərbi Azərbaycana Qayıdış Festival-Konqresinin üçüncü mərhələsinin məhz Ordubad şəhərində keçirilməsi təsadüfi deyil. Belə ki, təşkilatçılar Ordubadın zəngin tarixi və mədəni potensialını nəzərə alaraq, iqtisadi (turizm) sahəsindəki prioritetlərini göz önünə gətirməklə, bu şəhəri növbəti mərhələ üçün aktual hesab ediblər. Təbii olaraq, festival-konqresin gedişində Qərbi Azərbaycan bölgəsinin istər tarixi, istər mədəniyyəti və istərsə də, qayıdış perspektivləri əsaslı şəkildə olmaqla, müzakirə olunacaqdır.

Qarşıdakı illər üzrə, daha doğrusu, uzunmüddətli yeni çoxistiqamətli prioritetlər müstəvisində Zəngəzur dəhlizinin istismara verilməsi sahəsindəki reallıqlar, bu sahədəki infrastruktur təşkilatlanmalarının həyata keçirilmiş olması, eyni zamanda, nəqliyyat əlaqələrinin yenidən qurulması və bərpa olunması kimi hədəflər, festival-konqreslə bağlı olan işlərin nə qədər düzgün, nə qədər məqsədyönlü, nə qədər perspektivli olduğunu bir daha ortaya qoymuş olur.

Bu, bir həqiqətdir ki, Ordubad rayonu, bütünlükdə, iqtisadi potensialı və coğrafi yerləşməsi baxımından Zəngəzur bölgəsinə yaxın ərazidə yerləşir. Son illərdə Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr çərçivəsində Ordubadın strateji əhəmiyyəti daha çox vurğulanır və bu sahənin aktuallığı üzrə ölkəmizin nüfuzu olduqca güclü amil kimi qəbul olunur. Buna görə də, bəhs olunan məsələ də Qərbi Azərbaycana Qayıdış mövzusu ilə əlaqələndirilməklə, günümüzün çox mühüm reallıqları kimi hesab olunur.

Qərbi Azərbaycana Qayıdış Festival-Konqresi Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq elmi-mədəni tədbirdir və onun ev sahibi elm və tədris mərkəzi olaraq, ölkəmizə işıqlı sabahlar bəxş edən, qalib ölkənin inkişaf edən ali məktəbi, Naxçıvan Dövlət Universitetidir. Nəzərə alsaq ki, festival-konqresin əsas məqsədlərindən birini Qərbi Azərbaycanın tarixinin araşdırılması, mədəni irsinin tədqiq olunması və təbliğatı ilə bağlı olan məsələlər təşkil edir, həmçinin, bu sahədə, ölkəmizin və xaricdəki elm və tədris adamlarının, mütəxəssislərinin əlaqələndirilməsi təmin olunur, həmçinin, bu təminatın hərəkətverici qüvvəsi məhz Naxçıvan Dövlət Universitetidir, onda bu halda, ali məktəbimiz, həm də, Qərbi Azərbaycanla bağlı olan festival-konqresi keçirməklə, reallaşdırmaqla, bəyan etməklə, bütünlükdə, dünya elminə, dünya tədrisinə böyük töhvəsini vermiş olur. Həmçinin, Naxçıvan Dövlət Universiteti, bu kimi tədbirlərlə, dünya elm adamlarının araşdırma, tədqiqat və müzakirə mərkəzinə çevrilmiş olur. Təbii olaraq, burada bir amili də diqqətə almaq lazım olacaqdır ki, bu da, Naxçıvan Dövlət Universitetinin Qərbi Azərbaycana doğru hamar, abad və işıqlı etdiyi sülh yolu ilə qayıdış ideyasının həm elmi, həm də ictimai müstəvidə əsaslandırılmasını özündə ifadə edir. Elə buna görə də, bu tədbir elm adamlarını, tədqiqatçıları, tələbələri, ictimai xadimləri və mədəniyyət nümayəndələrini bir araya toplamış olur.

Tədbirin əhəmiyyəti ondan ibarətdir ki, o, Qərbi Azərbaycan mövzusunda aparılan elmi tədqiqatların genişlənməsinə, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və milli-mədəni irsin qorunmasına xidmət edir. Eyni zamanda, festival-konqres müxtəlif ölkələrdən olan alimlər arasında əməkdaşlığın inkişafına imkan yaradır.

Tədbirin gedişində strukturlara, şəhər və rayonlara aid olan sərgilər də olacaq. Sərgilər, şəhərin mərkəzindən Sərşəhər məhəlləsinə qədər təşkil olunmuşdur.

Bir sözlə, 2026-cı ildə üçüncü Qərbi Azərbaycana Qayıdış Festival-Konqresi 18–19 iyun tarixlərində reallaşmış olur. Geridə qalan illər ərzində, universitetimizin ev sahibliyi ilə Naxçıvan şəhərində, Batabat yaylasında keçirilmiş olan festival-konqres, əslində, Qərbi Azərbaycana doğru olan qayıdışın başlanğıc, hazırda davam edən və qarşıdakı illər üzrə tamamlanacaq hərəkət xəttini qətiyyətlə addımlamasıdır. Tədbirin əsas təşkilatçılarının Naxçıvan Dövlət Universiteti ilə yanaşı, eyni zamanda, Qərbi Azərbaycan İcmasının, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, həmçinin, Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli Nümayəndəliyinin olması bu sahədə, daha mütərəqqi nəticələrin əldə olunacağına tam və dolğun əminlik yaratmış olur. 

Konqres çərçivəsində Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, milli iqtisadiyyatı, potensialı, yeni hədəfləri və uzunmüddətli prioritetləri, mədəniyyəti, folkloru, toponimləri və qayıdış perspektivlərinə dair elmi məruzələr təqdim olunacaq, panel müzakirələr təşkil olunacaq. Festival hissəsində isə milli musiqi nümunələri, folklor proqramları, sərgilər və mədəni tədbirlər nümayiş olunur. 

Beləliklə, Qərbi Azərbaycana qayıdış festival-konqresi, bütünlükdə, Azərbaycan Respublikasının musiqisinin, elminin, onun çoxistiqamətli tərəflərinin, əsaslarının, həmçinin, bütünlükdə, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının Qarabağla, Zəngəzurla, Qərbi Azərbaycanla səsləşməsidir. Daha doğrusu, Qarabağın, Zəngəzurun, Qərbi Azərbaycanın Naxçıvanın səsinə səs verməsidir. Bu səsin içərisində ata duası, ana laylası, bacı əzizləməsi, qardaş sevgisi var. Bu səsin içərisində ağsaqqal müdrikliyi, ağbirçək ağır-əzizliyi var. Nəhayət, bu səsin içərisində şəhidlərimizin əziz ruhlarının şadlığı, qazilərimizin ruh yüksəkliyi var. Bu səs xalqımızın səsidir, millətimizin səsidir. Bu səs, müzəffər Ali Baş Komandanımızın hər birimizə addım-addım, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər, yüksək sevinclə bildirdiyi TARİXİ ZƏFƏR müjdəsidir. 

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: