Tarixən mehtər musiqisi şənlik aləti deyil, dövlətin gücünün və böyüklüyünün səsli ifadəsi hesab olunurdu. Səfərlər zamanı mehtər dəstəsinin çaldığı ritmlər əsgərə coşqu verir, psixoloji üstünlük qazandırırdı.
Mehtər marşı - mehtər musiqisi türklər üçün sadəcə bir musiqi deyil, dövlət qüdrətinin, əzəmətin və tarixi şücaətin simvoludur. Ənənəvi olaraq Osmanlı imperiyası dövründə hərbçilərin döyüş ruhunu yüksəltmək, düşməndə isə qorxu və təşviş yaratmaq məqsədilə istifadə edilmiş güclü strateji alət idi.
Naxçıvan Muxtar Respublikasında keçirilən “Qərbi Azərbaycana qayıdış” III Konqres-Festivalı bu gün, məhz həmin mehtər marşının funksiyasını oynayır. Bunu həmçnin mənfur qonşularımızın bu festivala reaksiyasından da açıq şəkildə görmək olar. Festival - konqres Azərbaycan xalqının tarixi yaddaşının qorunması, milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm hadisə kimi yadda qaldı.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutan tədbir ölkənin müxtəlif bölgələrindən alimləri, ictimai xadimləri, sənət adamlarını, dövlət rəsmilərini və gəncləri bir araya gətirdi.
Konqres-festival iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad etdilər. Bu ziyarət Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış böyük şəxsiyyətə hörmətin ifadəsi olmaqla yanaşı, milli ideyaların davamlılığının da simvolu idi.
Qədim Ordubad şəhərində keçirilən rəsmi açılış mərasimi Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii kompozisiyalarla, birliyə səsləyən "qızıl alma" ideyası ilə, xeyrin - şər üzərində qalibiyyəti ilə başladı. Qərbi Azərbaycan məsələsi yalnız tarixi mövzu deyil, həm də milli kimliyin, tarixi ədalətin və insan hüquqlarının vacib tərkib hissəsidir. Bizim öz doğma torpaqlarımıza qayıdışımız ədalət prinsipinə söykənir! Qərbi Azərbaycan mövzusu xalqımızın tarixindən və mənəvi irsindən ayrılmazdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yeni reallıqlar yaradıb və bu şəraitdə Qərbi Azərbaycana qayıdış məsələsi milli gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Bu mövzu artıq ideya mərhələsini geridə qoyaraq strateji fəaliyyət istiqamətinə çevrilib.
Qərbi Azərbaycana qayıdış konsepsiyası isə öz doğma torpaqlarından didərgin salınmış insanların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsini nəzərdə tutur.
Bu gün gənc nəslin tarixi həqiqətləri bilməsi və milli dəyərlərə bağlı böyüməsi gələcək üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan "Qərbi Azərbaycana qayıdış" konsepsiyası çərçivəsində keçirilən tədbirlər çox böyük əhəmiyyətə malikdir.
Tədbirin ən maraqlı hissələrindən biri Qərbi Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirən sərgilər oldu. Ordubadın qədim küçələrində qurulan pavilyonlarda Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurdlarının adət-ənənələrini, folklorunu, milli mətbəxini və sənət nümunələrini təqdim etdilər. Ziyarətçilər qədim xalçaçılıq ənənələrini, rəssam Mirzə Qədim İrəvaninin, İbrahim Safinin, yaradıcılığını, qədim sənətkarlıq peşələrinin əyani sürətdə icrasını - dəmir üzərində döymə, dəri üzərində yandırma və digər sənətkarlıq nümunələrini görmək şansını əldə etdilər. Festivalda önəmli olan, milli kodu özündə ehtiva edən aşıq sənəti nümunələrini və yallılarımızı görmək və iştirakçısı olmaq oldu. Bu vəsilə ilə biz tarixə toxunmaq imkanı əldə etmiş olduq.
“Qərbi Azərbaycana qayıdış” III Konqres-Festivalı yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə ünvanlanan mühüm mesajdır. Tədbir bir daha göstərdi ki, tarixini unutmayan xalq öz gələcəyini daha möhkəm qurur. Bu qabil tədbirlərin keçirilməsi Milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm missiya daşıyır və Azərbaycanın dövlətçilik ənənələrinin və milli birliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı
