Ermənistanın əsas sənaye və filiz zənginləşdirmə müəssisələrinin bir qismi Kür və Araz çay hövzələrində, Azərbaycan sərhədinə yaxın ərazilərdə yerləşir. Xüsusilə dörd əsas filiz zənginləşdirmə zavodunun sərhədə yaxın fəaliyyəti transsərhəd su ehtiyatları üçün ciddi ekoloji risk yaradır.
NUHÇIXAN xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının üzvü Müqabil Bayramov Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, Oxçuçayın ekoloji vəziyyəti bunun ən bariz nümunəsidir. “Problemlə bağlı həm hər iki ölkənin ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını vacib hesab edirik. Transsərhəd çayların çirklənməsinin qarşısının alınması və su ehtiyatlarının qorunması mühüm müzakirə mövzusu olmalıdır”, - deyə Koalisiyasının üzvü vurğulayıb.
