Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bəxtiyar Məmmədov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib. 

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2026-cı il 12 may tarixində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrasına dair illik hesabat və “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Qanun layihəsi Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qanun layihəsi haqqında məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. 

“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə əlaqədar maliyyə naziri Həsən İsmayılov çıxış edib.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəsi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrasının təhlilinin nəticələri haqqında auditor hesabatı”nı diqqətə çatdırıb.

Deputatlardan Ramil Nəbiyev, Vüsal Məmmədzadə və Mahir İsmayılov gündəlikdə duran məsələ ilə bağlı çıxış etdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ - “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini bildirib ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanunu ilə əlaqədar olaraq “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsinə zərurət yaranıb, bununla bağlı qanun layihəsi hazırlanıb və deputatlara təqdim olunub. Qanun layihəsi Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.

Ali Məclisin Hüquq siyasət komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi haqqında məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Ardınca qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəlikdə duran sonuncu məsələ - “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar siyahısına Naxçıvan Muxtar Respublikasının fəxri adlarının da daxil edilməsi ilə “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” yeni qanunun qəbul edilməsinə zərurət yaranıb, bununla bağlı qanun layihəsi hazırlanmış və deputatlara təqdim olunub. Qanun layihəsi Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.

Hüquq siyasət komitəsinin sədri tərəfindən qanun layihəsi haqqında məlumat verilib, komitənin rəyi diqqətə çatdırılıb. 

Qanun layihəsi ilə bağlı deputat Mövlan Məmmədov çıxış edib. Ardınca qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatıb. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: