AZƏRBAYCAN –TÜRKMƏNİSTAN: BİRLİKDƏ GÜCLƏNƏN ƏLAQƏLƏR

A- A A+

Azərbaycan müstəqillik dövründə öz uğurlu daxili və xarici siyasəti ilə böyük inkişafa nail olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji diplomatiyası və balanslaşdırılmış münasibətlər ölkəmizi regionun və dünyanın önəmli aktorlarından birinə çevirib. Həm qonşuları, həm də digər dünya ölkələri ilə yüksələn xətlə inkişaf edən münasibətlər Azərbaycanın bölgədə mövqeyini gücləndirib, beynəlxalq nüfuzunu artırıb. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi ilə özünü qlobal diplomatik platforma kimi təsdiq edib. Beləliklə, dövlətin təhlükəsizliyi ilə yanaşı, beynəlxalq nüfuzunun və iqtisadi maraqlarının qorunması sahəsində də çox böyük nailiyyətlər qazanıb. 

Son illərdə Mərkəzi Asiya ölkələri ilə də münasibətlər inkişaf edib və bu istiqamət xarici siyasətin mühüm prioritetlərindən biri hesab olunur. Azərbaycan–Türkmənistan münasibətləri də bu kontekstdə uğurla inkişaf edir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biri kimi bu münasibətlərdə xüsusi mövqeyə malikdir. Son illərdə sürətlə inkişaf edən regional tərəfdaşlıqlardan biri hesab olunan Azərbaycan–Türkmənistan əlaqələri ortaq türk mədəniyyəti, Xəzər dənizi üzərindən əməkdaşlıq və strateji iqtisadi maraqlara əsaslanır. Eyni kökə, mədəniyyətə, qədim tarixi bağlara malik bu iki ölkəni həm də ortaq dil və din birləşdirir. Vaxtilə SSRİ-nin tərkibində bənzər tarixi keçmiş yaşayan və əlaqələr quran ölkələrimiz müstəqillik dövründə münasibətləri daha da dərinləşdirmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olmuşlar. Dövlət başçılarının səfərləri, səfirlik səviyyəsində rəsmi münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin müxtəlif dövrlərdə imzalanan rəsmi sənədlər ölkələrimizin əməkdaşlığını dəstəkləyir. İrəli sürülən təşəbbüslərin qarşılıqlı dəstəklənməsi, bir-birinin mövqeyinə hörmətlə yanaşma bu münasibətlərin bütün region üçün əhəmiyyətini artırır. 

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində iyunun 22-də Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı öz çıxışında münasibətlərin müxtəlif istiqamətlərinə nəzər salarkən dedi: “Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq”. 

Türkmənistan Prezidenti isə öz çıxışında energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini, ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğuladı. 

Prezident İlham Əliyev səfər çərçivəsində Türkmənistan Prezidentinə “Dostlug” neftdaşıyan tankerini hədiyyə etdi. Azərbaycan gəmiqayırma sənayesinin imkanlarını nümayiş etdirən bu hədiyyə Azərbaycanın Türkmənistanla əlaqələri daha da dərinləşdirmək, Xəzər regionunda əməkdaşlığı gücləndirmək və türk dövlətləri arasında yaxınlaşmanı nümayiş etdirmək səylərinin də göstəricisi kimi dəyərləndirilə bilər.

Türkmənistan həmçinin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında ölkəmizə ciddi dəstək verir. Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması da bu dəstəyin ifadəsidir. Prezident İlham Əliyev öz çıxışında bu dəstəyi yüksək qiymətləndirərək dedi: “Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.”

Bu gün qarşılıqlı uğurlu təmasların baş tutduğu Azərbaycan və Türkmənistan arasında mədəni münasibətlər çox dərin tarixi, dil və mənəvi bağlara söykənir. Hər iki xalq türk mənşəlidir və əsrlər boyu oxşar adət-ənənələri, folkloru və həyat tərzini qoruyub saxlayıb. Ortaq mədəni dəyərlər xalqların əlaqələrini daha da gücləndirir, onları bir-birinə yaxınlaşdırır. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günləri, sərgilər, konsertlər və teatr tədbirləri keçirilir və bu tədbirlər xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. 

Bu gün Azərbaycan–Türkmənistan əlaqələri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan geniş və strateji xarakterli münasibətlər kimi dəyərləndirilə bilər. Qədim tarixə və ortaq dəyərlərə əsaslanan bu münasibətlər gələcəkdə türk dünyasının inteqrasiyası fonunda müxtəlif sahələrdə daha da güclənəcək. 

 

 

Nuray Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 

filologiya elmləri doktoru

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: