İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub - YENİLƏNİB - FOTOLAR
İyunun 24-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Qurani-Kərimdən ayələr qiraət olunub.
Sonra Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən oxunub.
Açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani video-müraciətlə çıxış edərək təşkilatın ötən dövrdə üzv ölkələr arasında dialoqun, sülhün və davamlı inkişafın təşviqinə mühüm töhfələr verdiyini deyib. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib, sessiyanın məhsuldar müzakirələr və mühüm qərarlarla yadda qalacağına əminliyini bildirib və Azərbaycana təşkilata sədrlikdə uğurlar arzulayıb.
Sonra Milli Məclisin sədri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının sədri Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonra hər zaman Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.
O bildirib ki, son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini kimi əsl mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.
İttifaqın Baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Baş katib vurğulayıb ki, bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir.
O qeyd edib ki, bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu səbəbdən münaqişə və müharibələrin bütün formalarının rədd edilməsi zəruridir. Fikir ayrılıqlarının həllində dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir.
Sonra sessiyanın gündəliyindəki məsələlərə baxılıb. Təşkilatın yeni büro üzvləri müəyyənləşdirilib. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sessiyanın məruzəçisi seçilib. Həmçinin təşkilatın baş katibinin hesabatı təsdiqlənib və digər məsələlər nəzərdən keçirilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, Mozambikin Respublika Assambleyasının sədri Marqarida Talapa, İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi, Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Omanın Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali, Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim, Yəmənin Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler çıxışlarında qeyd ediblər ki, dünyada artan mürəkkəb çağırışlar və dərin dəyişikliklər fonunda artan bərabərsizliklər və qlobal problemlər dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Belə bir şəraitdə parlamentlərin və parlamentarilərin rolu getdikcə daha da artır.