Beynəlxalq Türk Akademiyasında üzv ölkələrin Strateji Araşdırmalar mərkəzlərinin rəhbərləri ilə görüş olub
Nur-Sultan şəhərində, Beynəlxalq Türk Akademiyasında (TWESCO) Türk Şurasına üzv ölkələrin Strateji Araşdırmalar mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin birinci katibi Hüseyn Hüseynov, Qırğızıstan Beynəlxalq Strateji Milli İnstitutunun direktoru Kuvanıçbek Şadıbekov, Türkiyənin ANKASAM Strateji Araşdırmalar Mərkəzinin direktoru Erol Seyfettin, Milli Məclisin deputatı Musa Quliyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Zarema Şaukenova, "İctimai Rəy" İnstitutunun direktoru Botaqoz Rakişeva və başqaları iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali akademiyanın fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, akademiya türk dünyasında elmi-tədqiqat işlərini, analitik araşdırmaları əlaqələndirir.
Görüşdə Türk Şurasına üzv ölkələrin dövlət başçılarına və müvafiq qurumlara təqdim olunmuş "Türkbarometr" layihəsi yüksək qiymətləndirilib. Bundan əlavə, TÜRKPA, TÜRKSOY kimi təşkilatlar üçün bir neçə inteqrasiya sənədinin hazırlanmasından bəhs olunub. Qeyd edilib ki, beş yaşlı “GLOBAL-Türk” dərgisini türkdilli xalqlar üçün ortaq platforma hesab etmək olar.
Görüşdə Türk Şurasına üzv ölkələrin Strateji Araşdırma mərkəzləri arasında tərəfdaşlıq məsələləri müzakirə olunub. Tədqiqat mərkəzlərinin rəhbərləri ilə akademiyanın gələcək layihələri və elmi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.