Azərbaycan xalqının tarixində dövlətçilik ənənələri, hərbi iradə və Vətən sevgisi daim mühüm yer tutmuşdur. Minilliklər boyu formalaşan zəngin dövlətçilik tariximiz göstərir ki, Azərbaycan torpaqlarını qoruyan, dövlət müstəqilliyi uğrunda mübarizə aparan igid oğulları ilə seçilmişdir. Atabəylər və Səfəvilər dövründə qazanılmış qələbələr, Babək, Qızıl Arslan, Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlərin mübarizəsi xalqımızın azadlıq və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. Bu qəhrəmanlıq ənənəsi müasir dövrdə də davam etmiş, Azərbaycan Ordusu xalqımızın iradəsini, əzmini və Vətən sevgisini özündə birləşdirən güclü dövlət institutuna çevrilmişdir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyan, ordumuza olan sevgi və qürur hisslərini ifadə edən əlamətdar gündür. Bu tarix müasir Azərbaycan Ordusunun yaranması və inkişaf yolunun simvoludur. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biri kimi tanınır və dövlətimizin təhlükəsizliyinin əsas təminatçısıdır.
Silahlı Qüvvələr Gününün 26 iyunda qeyd olunması ötən əsrin əvvəllərində baş vermiş mühüm tarixi hadisəyə əsaslanır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik respublikasının öz milli ordusunu yaratmasına hüquqi əsas verdi. Həmin il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində də Azərbaycan dövlətinin öz təhlükəsizliyini təmin etmək üçün nizami silahlı qüvvələrə malik olmasının vacibliyi vurğulanırdı. Beləliklə, əsası 1918-ci ildə qoyulan milli ordu ənənələri sonrakı dövrlərdə müxtəlif çətinliklərlə üzləşsə də, heç vaxt itmədi və müstəqillik dövründə yenidən qüdrətli şəkildə bərpa olundu. Məlum tarixi hadisələr nəticəsində müəyyən transformasiyalardan keçən Azərbaycanın Silahlı Qüvvələri uzun illər sonra yeni və müstəqil Azərbaycanın tarixində şərəfli yer tutdu.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir milli ordunun formalaşdırılması istiqamətindəki müstəsna xidmətləri Silahlı Qüvvələrimizin yüksək səviyyəli inkişafında həlledici rol oynamışdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində milli hərbi kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, qüdrətli Ordunun təməli qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70–80-ci illərində milli hərbi kadrların yetişdirilməsi istiqamətində həyata keçirdiyi siyasət, müstəqillik dövründə ordu quruculuğuna göstərdiyi diqqət və qayğı bugünkü zəfərlərimizin təməlini təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi sonradan müstəqil Azərbaycan Ordusunun formalaşması üçün mühüm baza yaratdı. Bu addımlar yalnız peşəkar zabit korpusunun yetişdirilməsinə deyil, bütövlükdə gələcək müstəqil ordunun təməlinin qoyulmasına xidmət etdi. Təsadüfi deyil ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan sonrakı illərdə üzləşdiyi ağır sınaqlardan məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla çıxa bildi. Ulu Öndər peşəkar və nizami ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, 26 İyunun Silahlı Qüvvələr Günü kimi qeyd olunmasını təmin etməklə tarixi ənənələrə sadiqliyi nümayiş etdirdi və müasir Azərbaycan Ordusunun əsasını qoydu.
Ulu Öndərin ordu quruculuğu sahəsində müəyyən etdiyi strateji xətt Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ordunun müasir döyüş texnologiyaları ilə təchiz olunması, beynəlxalq təcrübəyə əsaslanan təlimlərin keçirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və peşəkar hərbi qüvvəsinə çevrilmişdir. Müasir dövrdə dövlətlərin gücü yalnız hərbi imkanlarla deyil, iqtisadi inkişaf, texnoloji yeniliklər və insan kapitalı ilə də ölçülür. Azərbaycan bu istiqamətlərdə mühüm nailiyyətlər əldə etmiş, güclü iqtisadiyyat üzərində dayanan güclü müdafiə sistemi formalaşdırmışdır. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış, ən müasir hərbi texnologiyalar tətbiq edilmişdir. Peşəkar zabit korpusu, yüksək döyüş hazırlığı və möhkəm mənəvi-psixoloji durum Azərbaycan Ordusunun əsas üstünlüklərinə çevrilmişdir. Məhz bu ardıcıl siyasətin nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və nüfuzlu silahlı qüvvələri sırasında öz yerini möhkəmləndirmişdir. Azərbaycan Ordusunun əsl gücü və xalq-iqtidar-ordu birliyi 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində öz parlaq təcəssümünü tapdı. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanmış əks-hücum əməliyyatı nəticəsində Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı. Bu müharibədə hərbçilərimizin şücaəti, müasir texnologiyaların səmərəli tətbiqi və xalqın vahid amal ətrafında birləşməsi Böyük Qələbənin təməlini qoydu. Şuşanın azadlığı ilə taclanan bu zəfər Azərbaycan Ordusunun regionda aparıcı gücə çevrildiyini bir daha sübut etdi. Dünya hərb tarixində yeni səhifə açan bu müharibə müasir texnologiyalar, peşəkar komandanlıq və yüksək döyüş ruhunun vəhdətinin uğurlu nümunəsi kimi beynəlxalq hərbi ekspertlərin də diqqət mərkəzində oldu.
Qələbədən sonra Silahlı Qüvvələr daha da təkmilləşdirildi. Xüsusi Təyinatlı Qüvvələr, Quru Qoşunları və digər hərbi birliklər yeni taktiki yanaşmalar əsasında yenidən formalaşdırıldı, müasir silah və texnika təchizat gücləndirildi. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində hərbi əməkdaşlıq daha yüksək səviyyəyə yüksəldi. 2023-cü ilin sentyabrında keçirilən və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri isə Azərbaycan Ordusunun peşəkarlığının növbəti təntənəsi oldu. Bu əməliyyat nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam və qəti şəkildə bərpa edildi. Azərbaycan Ordusunun qələbəsi yalnız döyüş meydanında əldə olunan uğur deyildi. Bu, xalqın dövlətinə və ordusuna inamının, milli birliyinin və Vətən sevgisinin qələbəsi idi. Müharibə günlərində bütün Azərbaycan xalqının bir yumruq kimi birləşməsi dünya ictimaiyyətinə xalqımızın gücünü və həmrəyliyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycanın gücünün göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, hava limanları, yaşayış məntəqələri və sosial obyektlər inşa olunur, tarixi-mədəni irsimiz bərpa edilir. Azərbaycan Ordusunun qazandığı Zəfər məhz bu quruculuq mərhələsinin əsasını təşkil edir.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi xidmətə hörmət hissinin formalaşdırılması bu gün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gəncləri tariximizi, qəhrəmanlarımızı və ordumuzun keçdiyi şərəfli yolu bilməli, dövlətimizin müdafiəsində öz məsuliyyətini dərk etməlidir. Bu istiqamətdə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində mühüm layihələr reallaşdırılır, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl iş aparılır. Gənclərin şəhidlərimizin qəhrəmanlıq yolunu daha yaxından öyrənməsi, hərbi xidmətə marağının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr, hərbi-idman oyunları, açıq hava tədbirləri, maarifləndirici görüşlər və düşərgələr təşkil olunur. Bu fəaliyyətlər gənclərdə Vətənə bağlılıq hissinin möhkəmlənməsinə, milli həmrəyliyin güclənməsinə və gələcək nəsillərin dövlətçilik ruhunda yetişməsinə xidmət edir.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların davamlılığının təmin olunması, həm də vətənpərvər, bilikli və məsuliyyətli gənc nəslin formalaşdırılmasından asılıdır. Çünki sabahın əsgəri, zabiti, dövlət qulluqçusu və vətəndaşı olan gənclər müstəqil Azərbaycanın gələcəyinin əsas təminatçılarıdır.
Milli Ordumuzun şərəfli yolundan danışarkən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə, hərbi qulluqçularımıza və onların ailələrinə minnətdarlığımızı bildirmək hər birimizin mənəvi borcudur. Məhz Vətənimizin qəhrəman övladlarının fədakarlığı sayəsində Azərbaycan bu gün qalib dövlətdir. Əlamətdar gün münasibətilə Ali Baş Komandanımız, şəhid ailələrini, qazilərimizi, Azərbaycan Ordusunun şəxsi heyətini, Vətənimizin müdafiəsində xidmət edən hər bir əsgər və zabiti təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq. Tarixin sınaqlarından şərəflə çıxan şanlı ordumuz Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının keşiyində qətiyyətlə dayanır. Müzəffər Azərbaycan Ordusunun adı bundan sonra da tariximizin ən şanlı səhifələrində əbədi yaşayacaqdır.
Zəfər qazansaq da, daim ayıq-sayıq olmalı, sərhədlərimizi göz bəbəyi kimi qorumalıyıq. Əminik ki, Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, ölkəmizin xoşbəxt gələcəyi, milli dövlətçilik maraqları naminə öz birliyini, qüdrətini və böyüklüyünü bundan sonra da nümayiş etdirəcəkdir.
Silahlı Qüvvələrimizin gücü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və müasir ordu quruculuğu strategiyasından qaynaqlanır. Qazanılan hərbi uğurlar Azərbaycanın suverenliyinin təminatçısıdır. Azərbaycan Ordusu qürur mənbəyimiz, gücümüzün və əzmimizin təcəssümüdür. Bu gün Azərbaycan Ordusu təkcə dövlətimizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın milli qürurunun, müstəqilliyimizin və gələcəyə inamının rəmzidir
Naxçıvan Muxtar Respublikası Gənclər və idman nazirinin müavini,
“Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı” ictimai Birliyinin sədri Məcid Seyidov
