BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb - FOTOLAR
Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc (“middle power”) statusu qazandırıb, təsir dairəsini Cənubi Qafqaz regionunun hüdudlarından xeyli kənara çıxarıb.
NUHÇIXAN xəbər verir ki, bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ankarada BMTM və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın orta güc statusu hərbi-siyasi nailiyyətlər və ərazi bütövlüyünün bərpası, regional sülh prosesində aparıcı rol, strateji nəqliyyat və enerji layihələri vasitəsilə regional və beynəlxalq bağlantıların gücləndirilməsi, fəal çoxtərəfli diplomatiya və vasitəçilik təşəbbüsləri, eləcə də multikulturalizm, COP29, WUF13 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi kimi amillərlə şərtlənir. 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkəmiz üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bəyannamə müstəqillik, suverenlik, hər iki dövlətin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraq kəsb edən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı dəstək prinsiplərini bir daha təsdiqlədi.
Fərid Şəfiyevin fikrincə, Azərbaycanın geostrateji mövqeyi və regional bağlantı potensialı beynəlxalq miqyasda getdikcə daha çox əhəmiyyət qazanır. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Bu kontekstdə, Orta Dəhlizin inkişafında oynadığı rol ölkənin müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici aktor kimi çıxış etməsinə imkan yaradır.
“Postmünaqişə dövründə regional bağlantı gündəliyi Zəngəzur dəhlizinin açılması perspektivi ilə yeni dinamika qazanmış, bu təşəbbüs Vaşinqton Bəyannaməsi çərçivəsində TRIPP adı altında institusionallaşdırılmışdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində ənənəvi nəqliyyat və təchizat zəncirlərində yaranan fasilələr, eləcə də Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Azərbaycanın tranzit və bağlantı mərkəzi kimi strateji əhəmiyyəti daha da yüksəlir. Eyni zamanda, Azərbaycan yaşıl enerji gündəliyini inkişaf etdirib, Günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerji mənbələrinin inkişafına sərmayə yatırıb. Qara dəniz sualtı kabel layihəsi kimi təşəbbüslər Azərbaycanın yalnız karbohidrogen ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji və dayanıqlı bağlantı sahəsində formalaşan regional mərkəz kimi mövqeyini gücləndirmək niyyətini nümayiş etdirir.
Həmçinin Azərbaycanın diplomatik təşəbbüsləri və vasitəçilik səyləri onun orta güc kimi formalaşan rolunu daha da gücləndirir. Bu baxımdan ən diqqətəlayiq nümunələrdən biri ölkəmizin İsrail və Türkiyə, eləcə də İsrail və Suriya arasında diplomatik əlaqələrin qurulması üçün platforma və kanallar təqdim etməsidir. Beynəlxalq arenada Azərbaycan xüsusilə mina təhlükəsinin dağıdıcı nəticələri kimi ən aktual problemlərin gündəmə gətirilməsi və bu sahədə məlumatlılığın artırılması istiqamətində fəal mövqe nümayiş etdirir”, - deyə BMTM sədri bildirib.
O əlavə edib ki, Azərbaycan öz xarici siyasət fəaliyyətinin coğrafi əhatəsini genişləndirərək xüsusilə Afrika və Asiya ölkələri, eləcə də qlobal güc mərkəzləri ilə əlaqələrini daha da gücləndirir: “Azərbaycanın müstəqil xarici siyasəti yalnız regional deyil, eyni zamanda, qlobal sülhə və təhlükəsizliyə də töhfə verir. Cənubi Qafqazda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş səylər, o cümlədən Ermənistanla aparılan sülh danışıqlarında Azərbaycanın praqmatik və gələcəyə yönəlmiş yanaşması ölkənin rasional diplomatik kursunu əks etdirir”.