Türkologiya yalnız qədim türk mətnlərinin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Həmin mətnləri yaradan şairlərin, yazıçıların və mütəfəkkirlərin irsi də eyni dərəcədə araşdırılmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Xalq şairi Sabir Rüstəmxanlı Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, qədim ədəbi irslə yanaşı, müasir türk ədəbiyyatı da türkologiya tədqiqatlarının əsas istiqamətlərindən biri olmalıdır. Xalq şairi vurğulayıb ki, Türk dünyasında yaradılan elmi əsərlər, aparılan araşdırmalar və keçirilən qurultaylar yazıçıların, şairlərin və ümumilikdə ədəbiyyat adamlarının da diqqət mərkəzində olmalıdır.
Sabir Rüstəmxanlı qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi və mədəni düşüncəsinin formalaşmasında mühüm rol oynayıb və bu irs bu gün də öz aktuallığını qoruyur. Çıxışının sonunda Xalq şairi bildirib ki, Türk dünyasının ən böyük gücü onun ortaq mənəvi dəyərləri, zəngin mədəni irsi və sərhəd tanımayan birlik ruhudur.
