Avropa İttifaqı (Aİ) regional sabitlik, enerji və əlaqələr sahəsində fəaliyyətini genişləndirdiyi bir vaxtda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Cənubi Qafqaz turuna Bakıda başlayır.
NUHÇIXAN xəbər verir ki, Ursula Fon der Lyayenin Bakı səfəri ilə bağlı "Euronews"da dərc olunan yazı belə başlayır.
"Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O, Cənubi Qafqaza iki günlük səfərinə başlayaraq, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sabitliyi gücləndirməyə çalışan Avropa İttifaqının bölgəyə artan strateji marağını vurğulayıb", - məqalədə qeyd olunub.
Bildirilib ki, Bakı Fon der Lyayenin Ermənistana səfərindən əvvəlki regional turunun ilk dayanacağıdır: "Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ermənistan sülh prosesinə, nəqliyyat əlaqələrinə, enerji əməkdaşlığına və Aİ ilə Azərbaycan arasında daha geniş strateji tərəfdaşlığa diqqət yetirilib.
Fon der Lyayen Azərbaycanı 27 üzvdən ibarət blok üçün əsas tərəfdaş adlandırıb və geosiyasi qeyri-müəyyənlik fonunda Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsində Bakının rolunu vurğulayıb".
Qeyd olunub ki, Aİ Cənubi Qafqazda layihələr üçün 200 milyon avroyadək qrant ayıracaq və bu, 2 milyard avroyadək dövlət və özəl investisiyaları cəlb etmək potensialına malikdir.
Fon der Lyayen, həmçinin minalardan təmizləmə, səhiyyə, kənd yerlərinin inkişafı, kiçik və orta müəssisələrin dəstəklənməsi daxil olmaqla, sülh quruculuğu təşəbbüslərini dəstəkləmək üçün 20 milyon avroluq proqram elan edib.
Məqalədə Prezident İlham Əliyevdən sitat gətirilib və ötən il ərzində Brüssel ilə Bakı arasında bir sıra yüksəksəviyyəli səfərlərə diqqət çəkilib:
"Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir".
Məqalənin sonunda vurğulanıb ki, Brüssel enerji, nəqliyyat, iqtisadi dayanıqlılıq və regional sabitlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda, Aİ Cənubi Qafqaz və Türkiyə ilə əlaqələri gücləndirmək üzrə daha geniş strategiyaya başlayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin "Haber Global" telekanalı da Ursula Fon der Lyayenin Bakı səfəri ilə bağlı süjet hazırlayıb.
