Hakan Fidan: Biz dostlarımızı və düşmənlərimizi müəyyən etmək üçün kifayət qədər yetkinik

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür. O, Ankaranın öz diplomatik prioritetlərini müəyyən edərkən bütün aktorlarla dialoq apardığını qeyd edib.

NUHÇIXAN xəbər verir ki, Fidan “CNN Türk” telekanalına müsahibəsində deyib: “Başqa ölkələrin düşmənlərini də özümüzə düşmən etməyə ehtiyac yoxdur. Biz dostlarımızı və düşmənlərimizi müəyyən etmək üçün kifayət qədər yetkinik. Bizim müttəfiqlərimiz var. NATO daxilində müttəfiqik”.

Fidan bildirib ki, Türkiyə dialoqu əsas xarici siyasət vasitəsi kimi görür və bütün tərəflərlə münasibətləri qoruyur. Onun sözlərinə görə, Ankara milli maraqlarını təmin edərkən Rusiya, İran, Avropa, NATO müttəfiqləri və Asiya-Sakit okean ölkələri ilə münasibətləri qoruyub saxlayır. Fidan hesab edir ki, ziddiyyətli maraqları olan aktorlarla münasibətlərin idarə olunması diqqətli diplomatiya tələb edir.

O əlavə edib: “Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın adından Rusiya Prezidenti Volodimir Putinlə görüşdüm, Türkiyə Prezidentinin mesajlarını çatdırdım və regional inkişafları müzakirə etdik”. Fidanın sözlərinə görə, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz, Fələstin, Qəzza, Livan və Suriyadakı hadisələr müzakirə olunub.

Aİ ilə münasibətlərə gəldikdə, Fidan həm Türkiyənin, həm də blokun Gömrük İttifaqının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini deyib: “Gömrük İttifaqının modernləşdirilməsi və yenilənməsi lazımdır. Hər iki tərəf bu barədə razılığa gəlir, lakin maneə yaradan bir məsələ - Kiprin uunan tərəfinin mövqeyi var. Bunun öhdəsindən gəlməkdə problemlər mövcuddur”.

Fidan, həmçinin bildirib ki, Türkiyə bu məqsədə çatana qədər mövcud viza təcrübələrinin təkmilləşdirilməsinə çağırır və Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində işlərini davam etdirir. O əlavə edib ki, qalan meyarlara cavab vermək üçün qanunvericilik sahəsində addımlar atılmalıdır.

Türkiyə XİN-in rəhbəri bildirib ki, Ankaranın son diplomatik əlaqələri təhlükəsizliyin gücləndirilməsinə, ticarətin genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın artırılmasına yönəlmiş “360 dərəcə xarici siyasət” yanaşmasını əks etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: