Erməni siyasi şüurunun cahilliyi: işğal olunan ərazini tərk etmək zəruriliyinin dərk edilməməsi

A- A A+

Ermənistanda Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə erməni cəmiyyəti müəyyən real dəyişikliklərə ümid edirdi. Proseslər göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Həmin aspektdə münaqişənin həlli məsələləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Faktların təhrifi: kazimirovların zavallı durumu və reallıqlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi perspektivi ilə bağlı ekspertlərin analizləri davam edir. Nikol Paşinyanın Dağlıq Qarabağdakı terrorçu-separatçıların da müzakirələrdə müstəqil tərəf kimi iştirak etməsi məsələsini gündəmə gətirməsi ilə bir sıra çətinliklər meydana çıxmışdı. Ancaq Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli, beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların sənədlərinə əsaslanan mövqeyi sayəsində Ermənistanın bu süni hoqqası da baş tutmadı. Təbii ki, bundan Ermənistanın yeni hökuməti çox pis vəziyyətə düşdü. Ondan çıxmaq üçün də müəyyən manevrlər etməkdədir.

İndi maraqlı bir mərhələ başlayıb. Konkret olaraq, beynəlxalq ictimaiyyət N.Paşinyanın bu absurd, qərəzli, birtərəfli, Ermənistanın təcavüzkarlığına haqq qazandırmağa xidmət edən "təklifini" qiymətləndirməkdədir. Rusiyada, Avropada, ABŞ-da ekspertlər və siyasətçilər həmin mövzu ilə bağlı fikirlərini ifadə edirlər. Onların hamısını bir məqam birləşdirir: danışıqların formatını dəyişmək mümkün deyildir!

Ancaq təəccüblüdür ki, bəzi "siyasətçilər" və "ekspertlər" təcavüzkarın bu təklifinə haqq qazandırmağa cəhd edirlər. Onlardan biri də ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərindən olan Vladimir Kazimirovdur. Bu şəxs "Regnum"da dərc etdirdiyi məqalədə münaqişənin həllində "dqr"in iştirak edib-etməməli olması ilə bağlı fikir bildirməyə çalışıb (bax: Должен ли Карабах участвовать в переговорах? / Regnum.ru, 22 aprel 2019).

Faktları təhrif etməklə V.Kazimirov həm erməni işğalına haqq qazandırmağa çalışır, həm də Dağlıq Qarabağdakı xunta rejiminin danışıqlarda iştirak etməsinin zəruri olduğu haqqında sərsəm tezislər irəli sürür. Bu zaman, o, hətta adi diplomatik etiketdən belə kənara çıxaraq, Azərbaycanın işğala qarşı savaş aparmasını "aqressiya" adlandırmağa cəhd edir.

Daha qəribəsi odur ki, özünü təcrübəli diplomat hesab edən V.Kazimirov adi gözlə görülə bilən qərəz nümayiş etdirir, sənədlərin məzmununu təhrif edib çox yanlış nəticələr çıxarır. Bütün bu məqamlar haqqında Azərbaycan parlamentinin deputatı Mixail Zabelin "Regnum"da dərc olunan məqaləsində aydın məntiqlə və sadə dillə yazaraq V.Kazimirovun süni məntiqini, faktları təhrif etməsini və çıxardığı nəticələrin reallığa uyğun olmadığını sübut edib (bax: Позиция Азербайджана остается твердой и последовательной – переговоры в их нынешнем формате должны продолжаться / Regnum.ru, 24 aprel 2019).

Başqa bir maraqlı fakt da N.Paşinyanın Rusiya mətbuatına Ermənistan-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı məsələsini yenə də qabartmağa çalışmasıdır. Baş nazirin məntiqinə görə, "Dağlıq Qarabağ xalqının iştirakı olmadan münaqişəni necə həll etmək olar?". Ancaq bu ifadə altında yalnız Azərbaycanın həmin bölgəsində qanunsuz qurum yaradan bir qrup separatçını nəzərdə tutmaqla N.Paşinyan yenə də yanlış bir mövqe tutmuş olur. Azərbaycan tərəfi həmin bölgənin azərbaycanlı icması ilə yanaşı, erməni icmasının da müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini istisna etmir. Lakin rəsmi İrəvanın işğal faktının üstündən sükutla keçərək, "Arsax" adı altında yalnız bölgədə məskunlaşmış terrorçu-separatçıları nəzərdə tutması nəinki beynəlxalq hüquqa, heç adi etik qaydalara belə uyğun deyil.

Belə ikiüzlülük və yalançılıqla ən kiçik münaqişəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən onun həllinə işğalçıların zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamaq olar. Yalnız bundan sonra digər məsələləri müzakirə etmək mümkündür. İşğal ərazisindən aqressorun çıxmadığı halda hansısa həll variantından danışmaq imkansızdır. Bu nəticə Madrid prinsiplərindən, Helsinki Yekun Aktının maddələrindən, BMT-nin və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdən birbaşa irəli gəlir.

Ədalətin bərpası: sadə həqiqətlərin qəbul edilməsi şərti

Deməli, N.Paşinyanın başlanğıc kimi təqdim etməyə çalışdığı vəziyyət reallıqda işğalın son mənzərəsidir və bu mənada dəyişməlidir. Həmin dəyişiklikdən sonra yaranacaq mənzərə başlanğıcdır. Təcavüzün nəticəsini qanuniləşdirmək müzakirələrin məqsədi ola bilməz. Əksinə, həmin nəticələrin aradan qaldırılması əsas məqsəddir. Ona çatandan sonra barış və ya sülhdən danışmaq mümkündür.

Bütün bunlar Ermənistanın münaqişənin həlli ilə bağlı hazırda tutduğu mövqe barədə müəyyən təsəvvür əldə etməyə imkan yaradır. Hər şeydən öncə, bir daha aydın olur ki, rəsmi İrəvan problemə səmimi yanaşmır. Ermənistanın sosial-iqtisadi vəziyyətinin bərbad olaraq qalması və yeni hakimiyyətin real addım ata bilməməsi ictimai rəyi başqa məsələlərə yönəltməyi tələb edir. Maraqlıdır ki, bu barədə N.Paşinyandan müsahibə götürən erməni jurnalist açıq deyib (bax: Никол Пашинян: "Мы предлагаем Азербайджану повестку мира, а не повестку войны" / Независимая газета", 24 aprel 2019).

Konkret olaraq jurnalist "Ermənistana parlaq layihələr həyata keçirmək üçün sərmayələr çatışmır" kontekstində sual verir. N.Paşinyan isə bunun belə olmadığını sübut etmək üçün heç bir konkret nümunə gətirə bilmir. O, ümumi bəlağətli ifadələr işlədir, lakin "bu qədər sərmayə və bu layihə" fikri yoxdur. Çünki reallıqda Ermənistana iri sərmayə qoyan yoxdur və bu ölkənin heç bir dəyərli proyekti yoxdur. Təbii ki, belə bir vəziyyət insanlardan indiki hakimiyyətə inamsızlığı artırır. Bu səbəbdən də N.Paşinyan iqtisadiyyatda edə bilmədiyi populizmi münaqişə ilə bağlı etməyə cəhd göstərir.

Ancaq onun bu sferada manevr imkanları çox məhdudlaşıb. Rusiya, Avropa və ABŞ ekspert dairələrində rəsmi İrəvanın absurd mövqeyi haqqında açıq yazırlar (bax: məs., Stephen Blank. How to resume a war / "The Washington Times", 21 aprel 2019). Müəllif aydın ifadə edir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək əvəzinə müxtəlif bəhanələr uydurur, bununla da problemin sülh yolu ilə həllinə ciddi zərbə vurur. Məsələ danışıqlar formatının dəyişməsi ilə deyil, Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxması ilə həll oluna bilər.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Belə çıxır ki, münaqişənin hələ də həll edilməməsinin başlıca səbəbi Ermənistanın yuxarıda vurğulanan sadə bir həqiqəti dərk edə bilməməsi ilə birbaşa bağlıdır. Bu aspektdə erməni siyasi şüurunun nadanlığı davam etdiyi müddətdə problemin həllindən real olaraq bəhs etmək çox çətindir. Qalır bir yol: Ermənistanın havadarları güc tətbiq edərək işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar. Bunun isə ehtimalı azdır. Onda Azərbaycan Ordusu "donuzu darıdan çıxarmalı" olacaq!

Newtimes.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: