İyulun 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Azərbaycan ilə Fransa arasında mövcud münasibətlər, parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı parlament diplomatiyasının dövlətlər arasında dialoqun inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, həmçinin regional təhlükəsizlik, sülh, humanitar əlaqələr və digər aktual məsələlərə toxunulub.
