14 iyul 1969-cu il Azərbaycan xalqının taleyində xüsusi yer tutan, ölkəmizin müasir inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən əlamətdar bir gündür. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbər seçilməsi respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dəyişikliklərin əsasını qoydu.
Bu bir tarixi həqiqətdir ki, 1960-cı illərdə Azərbaycan mürəkkəb sosial-iqtisadi problemlərlə üzləşmişdi, ölkədə durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə, ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Belə bir dövrdə Heydər Əliyevin respublikaya rəhbər seçilməsi Azərbaycanın inkişaf istiqamətini əsaslı şəkildə dəyişdirdi. O, ilk növbədə dövlət idarəçiliyində məsuliyyətin gücləndirilməsini, iqtisadiyyatın səmərəliliyinin artırılmasını, elmə, təhsilə və yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsini prioritet vəzifə kimi müəyyənləşdirdi. Bu baxımdan qeyd etmək olar ki, 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub. Həmin illərdə çox sayda zavodlar, fabriklər, istehsal sexləri, obyektlər istifadəyə verilib, yeni iş yerləri açılıb. Sənaye istehsalı, tələbat mallarının istehsalı, kənd təsərrüfatı istehsalı, neft hasilatı, maşınqayırma və metal emalı dəfələrlə artıb.
1970-ci illərdə Ulu Öndər tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atıb, mühüm qərarlar qəbul edib, nəticədə Azərbaycanda milli ruh canlanıb, özünüdərk və soy-kökə qayıdışı təmin edilib, azadlıq və müstəqillik duyğuları milli düşüncədə üstünlük təşkil etməyə başlayıb, bir sözlə, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşları qoyulub.
Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyev milli kadr siyasətinə strateji yanaşırdı. Azərbaycanın müxtəlif bölgələrindən olan minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Sonralar həmin mütəxəssislər müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında və digər sahələrində mühüm rol oynadılar. Milli hərbi kadrların hazırlanması istiqamətində atılan addımlar da gələcək müstəqil dövlətimizin müdafiə potensialının formalaşmasına mühüm töhfə verdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrildi, respublikamızın nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi. Ən başlıcası isə milli dövlətçilik düşüncəsi, xalqın öz tarixinə, dilinə və mənəvi dəyərlərinə bağlılığı daha da möhkəmləndi.
Bir məsələni xüsusilə qeyd etmək lazım gəlir. Məlum olduğu kimi o dövrdə də Ermənistan mərkəzin də yardımı ilə torpaqlarımıza qarşı ərazi iddiaları qaldırmışdılar. Heydər Əliyev kimi güclü və cəsarətli bir şəxsiyyətin hakimiyyətə gəlməsi anti-azərbaycan qüvvələrin fəaliyyətinə bir zərbə, ilk növbədə erməni iddialarının reallaşmasına ən böyük maneə oldu. Hakimiyyətdə olduğu illərdə onun bütün fəaliyyəti ermənilərin əsassız iddialarının qarşısının müxtəlif yollarla alınmasına yönəlmişdi. Heç təsadüfi deyildir ki, Heydər Əliyev Azərbaycana rəhbər seçildiyi andan etibarən Azərbaycanın sərhəd rayonlarının Ermənistana birləşdirilməsi ilə bağlı qərar layihələrinin icrasını dayandırmışdı. Mərkəzin təzyiqlərinə baxmayaraq, bu məsələ ilə bağlı belə addım respublikanın gənc rəhbəri üçün təhlükəli olsa da, o, Azərbaycan xalqının mənafeyini hər şeydən tutmuşdu.
Hələ sovet dövründə Ulu Öndərin erməni iddialarının ifşası ilə bağlı fəaliyyətinə dair bir nüans üzərində xüsusilə dayanmaq lazım gəlir. 1978-ci ildə ermənilərin Azərbaycanın tarixi Qarabağ bölgəsinə köçürülmələrinin 150 illiyi münasibəti ilə abidə qoyulmuşdu. Bu dahi şəxsiyyətin sırf uzaqgörən siyasətindən qaynaqlanırdı. Hər şeydən əvvəl ona görə ki, bu abidə ermənilərin Qarabağa köçürüldüklərinin açıq şəkildə etirafı mahiyyətində idi.
Ulu Ödərin fəaliyyəti çoxşaxəlidir. Bu barədə çox sayda kitablar, məqalələr yazılıb, saatlarla danışılıb, müzakirə olunub. Söhbət elə bir insandan gedir ki, fikirləşdiyini dilə gətirənlərdən yox, əmələ çevirənlərdən idi. O dövrdə atdığı addımları analiz edib anlayırsan ki, Heydər Əliyev digər sovet rəhbərləi kimi təkcə idarəiliklə deyil, həm də dövlət quruculuğu ilə məşğul olub. Yəqin ona görə, son dərəcə mürəkkəb bir vaxtda yenidən Azərbaycanın başına gələrkən qoyub getdiyinin, amma acınacaqlı bir vəziyyətə düşən ölkənin üzərində yeni bir dövlət quranda heç bir səhvə yol vermədi. Burada onun sadəcə fövqəladə bacarıq və dühası deyil, eyni zamanda dövlətçilik təcrübəsi də az rol oynamayıb. Ulu Öndərin həmişə müstəqillik düşüncəsi ilə yaşadığını və artıq bunun mümkünlüyünə tam əmin olduğunu 90-cı illərdəki fəaliyyəti təsdiqləyir. SSRİ süqut edəndə, saxta referendum keçirildi. Bir yerdən başqa. O da Naxçıvan idi – Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ilk təsdiqləyən Naxçıvan.
Ulu Öndərin real mənada müstəqillik mübarizəsi Azərbaycanda ikinci dəfə rəhbərliyə başlayandan sonra da davam etdi. 1993-cü ildə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrlə üzləşərkən Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, sabitliyi təmin etdi və müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Məhz həmin strategiyanın nəticəsi olaraq ölkəmiz güclü dövlətə çevrildi, iqtisadi inkişafını təmin etdi, beynəlxalq nüfuzunu möhkəmləndirdi.
Bu gün Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, regionda yeni reallıqların yaradılması, ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətinin daha da artması bu siyasətin uğurlu nəticələridir.
14 iyul 1969-cu il tarixini xatırlayarkən biz təkcə bir rəhbərin siyasi fəaliyyətə başlamasını deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasının qoyulduğu tarixi bir mərhələni yad edirik. Bu tarix xalqımızın tərəqqi yolunda mühüm dönüş nöqtəsi kimi hər zaman böyük ehtiramla anılacaqdır.
Emin ŞIXƏLİYEV
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
