IV Şuşa Qlobal Media Forumu: Sülhün, Həqiqətin və Etimadın Qlobal Platforması

A- A A+

Bugünkü dünyada informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və media diplomatiyası beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilib. İnformasiya artıq təkcə xəbərin ötürülməsi vasitəsi deyil, eyni zamanda dövlətlərin nüfuzuna, təhlükəsizliyinə və beynəlxalq mövqeyinə təsir göstərən strateji amildir. Məhz belə bir dövrdə Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu qlobal media gündəliyində xüsusi əhəmiyyət daşıyan beynəlxalq platforma kimi diqqət çəkir.

Bu il keçirilən Forumun əsas mövzusu – "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" – təsadüfi seçilməyib. Dünyada davam edən münaqişələr, informasiya manipulyasiyaları, süni intellektin media məkanına sürətli inteqrasiyası və rəqəmsal platformalarda saxta məlumatların yayılması fonunda medianın üzərinə daha böyük məsuliyyət düşür. Forumun əsas məqsədi də məhz beynəlxalq media ictimaiyyətini bu çağırışlar ətrafında bir araya gətirmək, fikir mübadiləsini genişləndirmək və ortaq həll yolları formalaşdırmaqdır.

Şuşa Qlobal Media Forumunun strateji mahiyyəti yalnız peşəkar jurnalistika ilə məhdudlaşmır. Bu təşəbbüs Azərbaycanın beynəlxalq media diplomatiyasının mühüm alətinə çevrilib. Forum vasitəsilə müxtəlif ölkələrdən gələn jurnalistlər, media rəhbərləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan reallıqları ilə yaxından tanış olur, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proseslərini öz gözləri ilə görürlər. Bu isə ölkəmiz haqqında obyektiv informasiya məkanının formalaşmasına və həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verir.

Forumun Şuşada keçirilməsi də xüsusi siyasi və mənəvi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün təkcə tarixi və mədəni irsin deyil, həm də sülhün, dirçəlişin və beynəlxalq dialoqun simvoluna çevrilib. Məhz bu şəhərdə qlobal media nümayəndələrinin bir araya gəlməsi postmünaqişə dövründə əməkdaşlıq, etimad və qarşılıqlı anlaşma ideyalarının təşviqinə xidmət edir.

IV Şuşa Qlobal Media Forumunun strategiyasının əsas istiqamətlərindən biri də dezinformasiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsidir. Müasir dövrdə saxta xəbərlər və informasiya manipulyasiyası cəmiyyətlər arasında inamsızlıq yaradır, münaqişələri dərinləşdirir və ictimai rəyə təsir göstərir. Forum çərçivəsində keçirilən panel müzakirələrində media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi kimi aktual məsələlər müzakirə olunur.

Sözügedən Forum Azərbaycanın strateji maraqlarına xidmət edərək, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu fundamental şəkildə gücləndirir. Dünyanın müxtəlif ölkələrindən gələn aparıcı media nümayəndələrinin bu tədbirdə iştirakı, Azərbaycanın qlobal və regional informasiya siyasətində mütləq söz sahibinə çevrildiyini sübut edir. Forum eyni zamanda Azərbaycanın multikulturalizm, dialoq və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha ortaya qoyur.

Digər mühüm məqam isə milli media üçün açılan yeni imkanlardır. Forum yerli jurnalistlərin beynəlxalq təcrübə ilə tanış olmasına, peşəkar əlaqələrinin genişlənməsinə, yeni media texnologiyalarının və rəqəmsal transformasiya proseslərinin öyrənilməsinə geniş şərait yaradır. Bu isə Azərbaycan mediasının beynəlxalq standartlara uyğun inkişafına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir.

Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq platformaya çevrilərək hər il yeni və aktual mövzular ətrafında qlobal media ictimaiyyətini bir araya gətirir. Əgər əvvəlki forumlarda yeni media, dezinformasiya və süni intellektin media sahəsinə təsiri müzakirə olunurdusa, bu il əsas diqqət sülhün möhkəmləndirilməsi və həqiqətin qorunmasına yönəlib. Bu ardıcıllıq Forumun uzunmüddətli strateji baxışa malik olduğunu göstərir.                 

IV Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq media tədbiri deyil, həm də Azərbaycanın diplomatik, siyasi və informasiya strategiyasının mühüm tərkib hissəsidir. Bu Forum vasitəsilə Azərbaycan dünyaya açıq dialoq, obyektiv informasiya, sülh və qarşılıqlı etimad mesajı verir. Şuşadan yüksələn bu çağırış beynəlxalq media məkanında həqiqətin müdafiəsinə, dezinformasiyaya qarşı birgə mübarizəyə və qlobal əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm təşəbbüs kimi tarixə düşür.

 

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: