Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama uyğun olaraq, aprelin 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) NUHÇIXAN-a bildiriblər ki, xidmət tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb.
Çağırışçılar həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi və mütəşəkkilliklə yola düşüblər. Ölkəmizin bütün şəhər və rayonlarında SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq-mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, Qarabağ qazilərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.