Peşəkar jurnalistika standartları – dəqiqlik, obyektivlik və müxtəlif baxışlara hörmət informasiya məkanında münaqişələrin dərinləşməsinin qarşısını alan ən güclü vasitələrdəndir. Burada əsas məsələ söz azadlığı ilə manipulyativ informasiyadan qorunma arasında düzgün tarazlığın saxlanılmasıdır.
NUHÇIXAN xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov iyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media obyektivində sülh quruculuğu və ictimai diskurs" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O, media savadlılığının artırılmasının da prioritet məsələlərdən biri olduğunu bildirib: "İnformasiyanın əsas istehlakçıları vətəndaşlardır. Buna görə dövlət, media, vətəndaş cəmiyyəti və təhsil müəssisələri insanların informasiyanı tənqidi qiymətləndirməsi və saxta xəbərləri ayırd etməsi üçün birlikdə maarifləndirici proqramlar həyata keçirməlidirlər".
