Vüqar Rəhimzadə: 14 iyul 1969-cu il Azərbaycanda milli intibahın başlanğıc tarixidir

A- A A+

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə başlamasından 57 il ötür. 1969-cu il iyulun 14-də Ümummilli Liderin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda  böyük intibahın təməli qoyuldu. Dahi rəhbərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək sözün əsl mənasında   həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi. Bu fikir   daim sonsuz qürur hissi ilə vurğulanır ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti  böyük bir təcrübə xəzinəsidir. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindəndir.

 Ulu Öndərin  tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdəAzərbaycan xalqında  milli ruhun canlanmasına xidmət etmiş, özünüdərkə və soykökə qayıdışa zəmin yaratmış, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Prezident İlham Əliyev Ümummilli Liderin dövlətimiz və  xalqımız qarşısındakı misilsiz  xidmətlərindən bəhs edərkən “Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər” söyləyərək  bu reallığı da xüsusi qeyd edir ki, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu Öndərin Sovet rəhbərliyində  tutduğu  yüksək vəzifələrindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Kremldəki  himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, həmin dövrdə əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri belə çirkin əməllərə əl atmağa cürət etməzdilər. O zaman Ulu Öndərin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. 1987-ci ilin oktyabr ayından sonra siyasi fəaliyyətdən kənarda qalmasına baxmayaraq, Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü.

Bu fikirləri NUHÇIXAN-a müsahibəsində Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, bugünkü Azərbaycan məhz həmin dövrdə  yaradılan  möhkəm təməl üzərində inkişaf edir, daha xoşbəxt gələcəyə doğru uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm  Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyəti olmuşdur. İlk hakimiyyəti dövründə  ölkəmizi keçmiş SSRİ məkanında ən  geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  diyara çevirən dahi şəxsiyyət  Heydər Əliyev 1993-cü ildə, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın gələcək taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək  hakimiyyətə qayıdaraq doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan  böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdi. Dahi rəhbər davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Azərbaycanın iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətinin hər iki  mərhələsində yaratdığı möhkəm təməl əhəmiyyətli rol oynayıb.  1969-1982-ci illərdə  ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə  vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın   ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması  və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli  uğurlar  Ulu Öndər  Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Dahi şəxsiyyətin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsi məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması bu gün  ölkəmizin dünya çapında iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Ümummilli  Lider hələ o vaxtlar iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə bu gün  qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımların atılmasına geniş imkanlar yaratdı.  Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu bu gün müstəqil  Azərbaycan Respublikasında  neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın qorunmasını təmin edir. Bütün dövrlərin təhlili Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə bəyan etdiyi  bu reallığı təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

 Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın yeni inkişaf mərhələsinin əsası, qurtuluş tarixinin başlanğıcı kimi dəyərləndirilən 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Məqsədyönlü qərarları ilə çox qısa müddətdə ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Həmin illər, eyni zamanda, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği dövrü kimi xarakterizə edilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı davamlı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması məsələsində dahi şəxsiyyətin misilsiz  xidmətləri vardır. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edilmişdir. Bu, həmin dövr üçün son dərəcə cəsarətli addım idi və ana dilimizin hüquqi müstəvidə tanınmasının təməlini qoyurdu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında da bu prinsip qorunub saxlanılmışdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

 Ulu Öndərin tariximizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın,  mədəniyyətimizin qorunması, təbliği istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir. Təbii ki, dahi rəhbərin bütün bu addımları dövlətinə, xalqına sevgisindən, Azərbaycanı hər zaman zirvələrdə görmək istəyindən irəli gəlirdi. Hər zaman dönə-dönə vurğulandığı kimi, Ümummilli Lider Heydər Əliyev artıq dillər əzbəri olan  “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını vahid  amal ətrafında sıx birləşdirdi,

Millət vəkili  bildirib ki, uğurlarımız, Azərbaycanın bugünkü reallıqları Ümummilli Lider Heydər Əliyevin adı və titanik  fəaliyyəti  ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə, həmçinin  fəaliiyətinin Naxçıvan mərhələsində Azərbaycanın bu günü, müstəqil gələcəyi üçün  mühüm addımlar atıb. Bu gün hansı sahəyə nəzər salsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Son 22 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi, ən əsası dahi şəxsiyyətin ən böyük arzusu olan torpaqlarımızın azad edilməsini reallaşdırdı. Bu gün Ümummilli Liderin  şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təkmil siyasəti nəticəsində bu təqdimata  əlavə edilən  qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  ölkə ifadəsini qürurla işlədirik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması, Qarabağımızın, Şərqi Zəngəzurumuzun  diplomatik mərkəzə çevrilməsi hər birimiz üçün sonsuz  qürur, sevinc mənbəyidir. Azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Onların malik olduqları iqtisadi potennsialdan səmərəli istifadə edərək  Azərbaycanın dayanıqlı inkişafına töhfələrin verilməsi üçün Dövlət proqramları, Milli Prioritetlər icra edilir. Azad edilmiş torpaqlarımız müasir tələblər əsasında  qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu qürurverici məqamı da xüsusi qeyd etməliyik ki, artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi, onu gercəkliyə çevirən ölkə kimi dünyanın diqqətindədir.  

Vüqar Rəhimzadə qeyd etdikləri fonunda bu ümumiləşdirməni aparıb ki, Ulu Öndər Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövlətini yaratmaqla kifayətlənmədi, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. İctimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması və uğurlu icrası, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sair  kimi proseslər Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Onun siyasi fəaliyyəti Azərbaycana xidmətin ən təkmil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan zirvələri fəth edir, yeni zəfərlərə imza atır. Qarabağ münaqişəsinin tarixə qovuşması ilə regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılmasına nail olan Azərbaycan dövləti Prezident  İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yeni-yeni hədəflərə doğru  daha böyük inamla addımlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: