Azərbaycan WUF13-ün nəticələrini BMT-nin yüksəksəviyyəli platformasında təqdim edir

A- A A+

Azərbaycan BMT-nin Nyu-Yorkdakı (ABŞ) mənzil-qərargahında qurumun Baş Assambleyasının "Hamı üçün dayanıqlı urbanizasiyanın təmin edilməsi: 2036-cı ilə qədər Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və geniş tətbiqi istiqamətində birgə fəaliyyət" mövzusunda yüksəksəviyyəli iclasında iştirak edir.

NUHÇIXAN bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclas 2016-cı ildə Kito şəhərində keçirilmiş Habitat III Konfransında qəbul edilən Yeni Şəhər Gündəliyinin icrasının 10 illik nəticələrinin qiymətləndirilməsi, 2036-cı ilə qədər qlobal fəaliyyətin sürətləndirilməsi üçün prioritetlərin müəyyənləşdirilməsinə həsr olunub. Müxtəlif ölkələrdən yüksəksəviyyəli nümayəndələri bir araya gətirən tədbirdə münasib mənzil təminatı, inklüziv şəhər inkişafı, iqlim dəyişikliyi və davamlı urbanizasiya, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM), xüsusilə DİM 11-in icrasının sürətləndirilməsi kimi aktual məsələlər müzakirə edilir.

Yüksəksəviyyəli iclas çərçivəsində A.Quliyevin açılış mərasimində və Yeni Şəhər Gündəliyinin icrasına həsr olunan plenar müzakirələrdə, həmçinin nazirlərin dəyirmi masa formatında keçiriləcək görüşündə çıxış etməsi nəzərdə tutulur. Bununla yanaşı, Komitə sədri Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dair xüsusi tədbirdə və maraqlı tərəflərin iştirakı ilə keçirilən panel müzakirələrində iştirak edərək, Azərbaycanın dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində yanaşmalarını təqdim edəcək.

Nyu-Yorkdakı müzakirələr mayda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) formalaşan qlobal dialoqun davamı kimi xüsusi əhəmiyyət daşıyır. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 Forum tarixində ən genişmiqyaslı tədbir olub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti isə şəhərsalma və mənzil məsələlərinin yüksək siyasi gündəlikdə mövqeyini gücləndirib.

Forumun "Bakı Fəaliyyətə Çağırış" yekun sənədi Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi, münasib mənzil təminatının genişləndirilməsi, insanmərkəzli şəhər inkişafı və iqlim dayanıqlılığının gücləndirilməsi üzrə birgə fəaliyyətə çağırır. Hökumətlərin, yerli idarəetmə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, akademik dairələrin, gənclərin və özəl sektorun ortaq baxışını əks etdirən sənəddə müəyyən olunmuş prioritetlər hazırkı yüksəksəviyyəli iclasın əsas müzakirə istiqamətləri ilə uzlaşır.

Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin planlaşdırılması və inkişafı üzrə birgə layihənin həyata keçirilməsinə dair Töhfə Sazişinin imzalanması planlaşdırılır. Saziş işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma yanaşmalarının geniş tətbiqi, qabaqcıl beynəlxalq təcrübə mübadiləsinin təşviqi, eləcə də UN-Habitat ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: