Fərid Şəfiyev Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı beynəlxalq seminarda çıxış edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun dəyərləndirilməsi: Avrasiya bağlantılarının Pakistan və Hind okeanı istiqamətində genişləndirilməsindəki çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilən seminarda çıxış edib.

BMTM-dən verilən məlumata görə, seminarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) strateji əhəmiyyəti, regional bağlantıların gücləndirilməsi, enerji təhlükəsizliyi və Avrasiyada iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

BMTM sədri bildirib ki, son illərdə baş verən geosiyasi proseslər, xüsusilə Ukraynadakı müharibə və İran ətrafında yaranmış gərginlik Avrasiya məkanında yeni reallıqlar formalaşdırıb və etibarlı enerji, nəqliyyat marşrutlarının strateji əhəmiyyətini daha da artırıb. Onun sözlərinə görə, bu kontekstdə, Xəzər regionu artıq yalnız tranzit məkanı deyil, regional sabitlik, iqtisadi dayanıqlıq və Şərqlə Qərb arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayan mərkəzə çevrilir.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, Orta Dəhliz isə Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas ticarət marşrutlarından birinin formalaşmasına xidmət edir:

“Bu gün qeyri-müəyyənliklərlə dolu dünyada şaxələndirilmiş nəqliyyat marşrutları artıq sadəcə iqtisadi üstünlük deyil, strateji zərurətdir. Orta Dəhliz yalnız yüklərin bir nöqtədən digərinə daşınmasından ibarət deyil. O, həm də infrastrukturun inkişafını, gömrük prosedurlarının rəqəmsallaşdırılmasını və ticarətin daha sürətli və səmərəli həyata keçirilməsini nəzərdə tutur. Xəzər regionu və Mərkəzi Asiya ölkələri birlikdə daha güclü və daha inteqrasiya olunmuş Şərq-Qərb ticarət şəbəkəsinin qurulması istiqamətində əməkdaşlıq edirlər”.

Zəngəzur dəhlizi - TRIPP təşəbbüsünün əhəmiyyətinə toxunan F. Şəfiyev vurğulayıb ki, layihə iqtisadi üstünlüklərlə yanaşı, regional əməkdaşlığın, qarşılıqlı etimadın və uzunmüddətli sabitliyin möhkəmlənməsinə də xidmət edəcək.

O bildirib ki, Azərbaycan regional əməkdaşlığın yeni formatlarını da təşviq edir:

“Xəzəryanı və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirməyi hədəfləyən C6 platforması, eləcə də siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional həmrəylik baxımından getdikcə daha mühüm platformaya çevrilən Türk Dövlətləri Təşkilatı bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər göstərir ki, region ölkələri praktiki əməkdaşlıq vasitəsilə öz gələcəklərinin formalaşdırılmasında getdikcə daha böyük məsuliyyət götürürlər”. 

BMTM sədri çıxışında Azərbaycan-Pakistan strateji tərəfdaşlığına da diqqət çəkib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər qarşılıqlı etimad və siyasi dəstəyə əsaslanır və son illərdə müdafiə, enerji, investisiya, nəqliyyat, informasiya texnologiyaları, turizm və təhsil sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. 

“Gələcək əməkdaşlıq baxımından ən böyük imkanlardan biri məhz bağlantılar sahəsindədir. Azərbaycanın Xəzər, Pakistanın isə Ərəbistan dənizi sahilində yerləşməsi ölkələrimizi Cənubi Asiyanı Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa ilə birləşdirən təbii tərəfdaşlara çevirir”,- deyə BMTM sədri fikrini yekunlaşdırıb.

Sonda BMTM və Pakistanın Regional Araşdırmalar İnstitutu (IRS) arasında akademik əlaqələrin ardıcıl xarakter alması və birgə tədbirlərin keçirilməsini nəzərdən tutan Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Regional Araşdırmalar İnstitutunun Mərkəzi Asiya Proqramı və Türkiyə-Azərbaycan Proqramlarının təşkilatçılığı ilə keçirilən seminarda İnstitutun prezidenti Jauhar Saleem, Qırğızıstanın Applicata - Strateji Həllər Mərkəzinin icraçı direktoru və Valday Beynəlxalq Diskussiya Klubunun eksperti Kubatbek Rəhimov, Ankara Yıldırım Beyazit Universitetinin Siyasi Elmlər Fakültəsinin Dövlət Maliyyəsi kafedrasının dosenti Rəcəb Yorulmaz, eləcə də Qazaxıstanın “TALAP” Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru Rakhim Oşakbayev fikirlərini bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: