Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib - FOTOLAR
Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
NUHÇIXAN xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasında Almaniya XİN adından etdiyi paylaşımda sənədin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
“Bu gün Almaniya ilə Azərbaycan arasındakı güclü münasibətləri Strateji Gündəlik vasitəsilə daha da dərinləşdirdik. Müxtəlif sahələr üzrə əməkdaşlığımızı genişləndirmək üçün çalışacağıq və Ermənistanla Azərbaycan arasında münasibətlərdə yaranmış tarixi dinamikanı alqışlayırıq”, - deyə paylaşımda qeyd olunub.
Niklas Vaqner paylaşımında, həmçinin Birgə Bəyannamənin tam mətnini təqdim edib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts tərəfindən imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə” Berlinin Bakı ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə marağını bir daha nümayiş etdirir. Sənəddə siyasi-diplomatik əlaqələrin inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində dialoqun gücləndirilməsi, həmçinin mədəniyyət, təhsil, dil, insanlararası mübadilə, elm, texnologiya və innovasiya istiqamətlərində əməkdaşlığın təşviqi nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.