Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Berlinə həyata keçirilən bu səfər təkcə diplomatik təmasların davamı deyil, həm də Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli addımdır.
Prezident İlham Əliyevin Berlin şəhərinə gəlişi zamanı dövlət başçısı rəsmi qarşılanma mərasimi ilə qarşılanıb, şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bu, Almaniyanın Azərbaycana və iki ölkə arasındakı münasibətlərə verdiyi önəmin göstəricilərindən biri kimi qiymətləndirilir.
Müasir dövrdə Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, nəqliyyat-kommunikasiya dəhlizləri və regional sabitliyin təmin olunması istiqamətində ölkəmizin rolu ildən-ilə artır. Almaniya isə Avropanın aparıcı iqtisadi gücü olaraq Cənubi Qafqaz regionunda sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu baxımdan Prezident İlham Əliyevin rəsmi səfəri qarşılıqlı maraqlara əsaslanan münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Azərbaycan ilə Almaniya arasında siyasi münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və aparılan siyasi dialoq iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Xüsusilə Prezident İlham Əliyevin əvvəlki Berlin görüşlərində səsləndirdiyi fikirlər və əldə olunan razılaşmalar bugünkü əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir.
Rəsmi səfər çərçivəsində siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, sənaye, yüksək texnologiyalar, yaşıl enerji və nəqliyyat-logistika sahələrində yeni perspektivlərin müzakirə olunacağı gözlənilir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr və əlverişli investisiya mühiti Almaniya işgüzar dairələri üçün də yeni imkanlar yaradır.
Bu səfər Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunun enerji resurslarının Avropaya etibarlı şəkildə çatdırılmasında Azərbaycanın rolu artıq beynəlxalq səviyyədə qəbul edilir. Bununla yanaşı, Orta Dəhlizin inkişafı istiqamətində görülən işlər ölkəmizin qlobal nəqliyyat-logistika sistemində əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, sözünün sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirib. Almaniyaya rəsmi səfər də bu siyasətin uğurlu davamı olmaqla yanaşı, ölkəmizin milli maraqlarının təmin edilməsi, Avropa ilə əməkdaşlığın genişləndirilməsi və regional sülhün möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi tarixə düşəcək.
Şübhəsiz ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinə yeni dinamika qazandıracaq, qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin regional və beynəlxalq əməkdaşlıq gündəliyində yeni imkanların formalaşmasına mühüm töhfə verəcək.
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik
Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri
