XİN: erməni KİV-lərinin separatçı rejimin “naziri”nin Argentinaya səfərinə dair məlumatları özünüaldatmadan başqa bir şey deyil
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi erməni KIV-lərində qondarma separatçı rejimin “xarici işlər naziri”nin Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı şərhində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatların qanunsuz rejimin təşviqinə hesablandığını və özünüaldatmadan başqa bir şey olmadığını bildirib.
“Qeyd etmək istərdim ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi, uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak edən separatçı rejimin “nümayəndəsi” Argentinada hər hansı rəsmi şəxslə görüşə nail olmayıb. Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin aprelin 24-də dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər dövlətin daxili işinə qarışmama və dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın “xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.
Göründüyü kimi, separatçı rejimin “nümayəndəsi” qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.
Eyni zamanda, bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən çıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.