NATO-nun Hərbi Komitəsinin sədri: Bütün sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq
Azərbaycan-NATO tərəfdaşlığının 25 illiyi münasibətilə Müdafiə Nazirliyinin saytında Alyansın Hərbi Komitəsinin sədri, Aviasiya baş marşalı ser Stüart Piçin “Birlikdə güclüyük: NATO-Azərbaycan tərəfdaşlığının 25 illiyi” adlı açıqlaması yerləşdirilib.
NUHÇIXAN nazirliyin saytına istinadla xəbər verir ki, açıqlamada İkinci Dünya müharibəsindən dörd il sonra - 1949-cu il aprelin 4-də 12 ölkənin iştirakı ilə Vaşinqton müqaviləsi imzalandığı və Şimali Atlantika Müqaviləsi Təşkilatının rəsmi qaydada təsis edildiyi vurğulanıb. Qeyd olunub ki, dövlətlərin müharibənin fəsadlarını aradan qaldırdığı bir zamanda təsisçi ölkələr qarşılıqlı etimad göstərərək müdafiə Alyansını yaratdılar. Müharibə onlara birlikdə güclü olduqlarını anlatdı, beləliklə də bu ölkələr öz vətəndaşlarını və ərazilərini daha təhlükəsiz etdilər. Sonrakı yeddi onillik ərzində NATO özünün üç əsas vəzifəsini - kollektiv müdafiə, böhranların idarə edilməsi və birgə təhlükəsizliyi yerinə yetirir. Bu ilkin etimad Alyansın üzləşdiyi Soyuq müharibə, Balkan müharibələri, 11 sentyabr hücumları, daha sonra isə Əfqanıstan və İraqa müdaxilə nəticəsində qurulub.
Sonrakı yetmiş il ərzində daha 17 ölkə Alyansa qoşulub. Hazırda digər bir ölkə - Şimali Makedoniya Respublikası Alyansa daxil olma prosesindədir. Avropa və Şimali Amerika arasındakı həyati bağlantı NATO-nu tarixin ən güclü - ortaq tarix, dəyər və məqsədlərə malik olan Alyansına çevirib.
Aviasiya baş marşalı ser Stüart Piçin bildirib ki, Alyans genişləndikcə onun tərəfdaşlıq şəbəkəsi də inkişaf edib. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında birlikdə çalışan və təşkilata üzv olmayan Avratlantik məkanı, Aralıq dənizi hövzəsi, Körfəz regionu ölkələri və dünyanın bir çox yerindən olan digər tərəfdaşlarının sayı artıb. 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun mənzil-qərargahına səfər edərək NATO ilə Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədini imzaladı.
İyirmi beş il ərzində bu tərəfdaşlıq inkişaf edərək bu gün malik olduğumuz çoxşaxəli əlaqələrə çevrilib. Alyans beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur. Bu illər ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız və uyarlılığımız inkişaf edib. Azərbaycan qoşunları 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan “Qətiyyətli Dəstək” missiyasına (RSM) dəstəyini davam etdirərək Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir. Həmçinin Azərbaycan NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.
“Tərəfdaşlığımız “Müdafiə təhsilinin genişlənməsi” proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avratlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlılığının artırılması məqsədilə “Tərəfdaşlığın uyarlılıq təşəbbüsü”müzə cəlb olunmağınız sayəsində möhkəmlənib. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avratlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.
Bu gün bizim praktik əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.
NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaq. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son 25 ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm”.