Şuşadan ucalan səs bərpa olunan ədalətin bəyanıdır: Şovinist təfəkkür həqiqətləri kölgədə qoya bilməz

A- A A+

IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin fikir mübadiləsi apardığı beynəlxalq platforma deyil, həm də müasir dünyanın siyasi və informasiya gündəminin müzakirə olunduğu mühüm tribuna idi. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını açıq, konkret və ətraflı cavablandırması Azərbaycanın şəffaf və özünəinamlı siyasətinin növbəti nümayişi oldu.

Ukraynalı jurnalist Dmitriy Qordonun sualına verilən cavab isə bəzi Rusiya media orqanlarında gözlənilən reaksiyanı doğurdu. Sualın və cavabın mahiyyətini obyektiv şəkildə təqdim etmək əvəzinə, bəzi media qurumları yenidən manipulyasiya, təhrif və qarayaxma üsullarına əl atdılar. Bu, jurnalistika deyil, siyasi sifarişin informasiya müstəvisində icrasıdır.

Təəssüf doğuran məqam odur ki, müəyyən media dairələrində hələ də keçmiş imperiya təfəkkürü yaşayır. Müstəqil siyasət yürüdən dövlətlərin uğurları və sərbəst mövqeyi bu düşüncə tərzini qəbul etməyən çevrələr tərəfindən qərəzlə qarşılanır. Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsi, heç bir güc mərkəzinin diktəsi ilə hərəkət etməməsi bəzi təbliğat platformalarında qıcıq doğurur.

Şovinizm siyasi və informasiya mübarizəsində ən təhlükəli yanaşmalardan biridir. Hər hansı xalqı və ya dövləti özündən aşağı görmək, başqa ölkələrin suveren seçiminə hörmətsizlik etmək nə beynəlxalq hüquqa, nə də müasir dünyanın prinsiplərinə uyğundur. Təəssüf ki, bəzi Rusiya media resurslarında rast gəlinən ritorika məhz bu köhnəlmiş yanaşmanın izlərini daşıyır. Bu, Rusiyanın bütün cəmiyyətinə və ya jurnalistlərinə aid edilə bilməz, lakin belə yanaşmanı təbliğ edən media və siyasi dairələr informasiya məkanında qütbləşməni dərinləşdirirlər.

Azərbaycan isə fərqli yol seçib. Dövlətimizin siyasəti qarşıdurma deyil, qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, Azərbaycan heç kimin daxili işlərinə qarışmır, lakin öz suverenliyi, ərazi bütövlüyü və milli maraqları məsələsində heç bir təzyiqi qəbul etmir.

Bu gün informasiya müharibəsi ən azı hərbi və iqtisadi rəqabət qədər ciddi əhəmiyyət daşıyır. Məhz buna görə də dezinformasiya, saxta narrativlər və qarayaxma kampaniyaları təsadüfi deyil, məqsədli fəaliyyətin tərkib hissəsidir. Ancaq tarix dəfələrlə sübut edib ki, həqiqət təbliğatın səs-küyündən daha uzunömürlüdür.

Şuşadan səslənən mesaj Azərbaycanın öz gələcəyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə qoruyan və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi çıxış edən dövlət olduğunu bir daha təsdiqlədi. Bəzi media dairələrinin əsassız hücumları isə əslində onların arqument çatışmazlığını və köhnə siyasi stereotiplərdən qurtula bilmədiyini nümayiş etdirir.

Müasir dünyanın reallığı dəyişib. Suveren dövlətlərlə ultimatum dili ilə danışmaq mümkün deyil. Azərbaycan bunu 44 günlük Vətən müharibəsində, sonrakı diplomatik proseslərdə və bu gün beynəlxalq platformalarda nümayiş etdirdiyini qətiyyətlə sübut edib.

Qərəzli kampaniyalar müvəqqəti informasiya effekti yarada bilər. Lakin onlar nə həqiqəti dəyişə, nə də Azərbaycanın müstəqil siyasətini kölgə altına ala bilər. "Milli maraqlarını hər şeydən uca tutan Azərbaycan, qlobal müstəvidə müstəqil qərarları və qətiyyətli mövqeyi ilə seçilən suveren bir dövlətdir. Beynəlxalq hüququn ali prinsiplərinə əsaslanan bu sarsılmaz xarici siyasət kursu, ölkəmizin dünya birliyində etibarlı tərəfdaş kimi tanınmasını və onun rəyinə xüsusi hörmətlə yanaşılmasını təmin edir”. 

Bu reallıqdan narahat olanların təbliğatı isə həmin reallığı dəyişmir, əksinə, qərəzli yanaşmanın və köhnəlmiş siyasi təfəkkürün hələ də mövcud olduğunu nümayiş etdirir. "Şuşadan ucalan səs bərpa olunan ədalətin bəyanıdır, köhnə imperiya iddiaları isə tarixin tozlu səhifələrində qalan keçmişin əks-sədasıdır".

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: