Küveyt qəzetlərində 28 may-Respublika günü barədə məqalələr dərc olunub - FOTOLAR
Azərbaycanın Küveytdəki səfirliyinin 28 may-Respublika günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Əl-Küveytdə təşkil etdiyi tədbir barədə Küveytdə gündəlik ərəb dilində nəşr olunan “Əl-Nahar”, “Əl-Ənbə” “Əl-Siyəsə” və “Əl-Cəridə” qəzetlərində məqalələr dərc edilib. Bu barədə NUHÇIXAN-a səfirlikdən məlumat verilib.
Məqalələrdə tədbir haqqında ətraflı məlumat verilir. Səfir Elxan Qəhrəmana istinadla Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi demokratik dövlət olduğu, Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğu qeyd edilir. Həmçinin Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlar, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilir, son illərdə iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrinin sürətlə inkişaf etdiyi vurğulanır.
Məqalələrdə Azərbaycan ilə Küveyt arasında əlaqələrin inkişafından da bəhs olunur. Azərbaycanın dünyada böyük hörmət və nüfuz qazandığı, Küveyt də daxil olmaqla bütün tərəfdaşları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə səylər göstərdiyi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirildiyi bildirilir. Azərbaycanın müxtəlif məsələlərlə bağlı mövqeyinin dəstəklənməsində Küveytin səylərinin yüksək qiymətləndirildiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyi üçün Küveyt tərəfinə minnətdarlıq ifadə edildiyi oxucuların diqqətinə çatdırılır.