Sahibə Qafarova: Azərbaycan bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə nitq söyləyən S.Qafarova müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunu. Deyib ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Bildirilib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.
Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən Milli Məclisin sədri müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün, ilk növbədə, Azərbaycan parlamentini, eyni zamanda, sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.
O, həmçinin mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkib. Təşkilatın, eyni zamanda, “Afrika Gündəliyi – 2063”da təsbit olunmuş məqsədlərə – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət etdiyini vurğulayan S.Qafarova Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayıb. Deyib ki, ölkəmiz Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.
Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır.
Çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişaf perspektivlərinə də toxunan Milli Məclisin sədri müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.
Sahibə Qafarova bildirib ki, PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da gücləndirmək imkanı əldə edə bilər.