Qriboyedovun həyatında Culfa

A- A A+

Reyhan Mirzəzadənin “Oxunması zəruri olan kitablar”ın siyahısında yer alan "A.S.Qriboyedov: şair-diplomat" əsərində muxtar respublikamızla bağlı tarixi faktlara da geniş yer verilib. İlk dəfə 10 sentyabr 1819-cu ildə əsir düşmüş rus əsgərləri ilə birgə muxtar respublikamızda olan Qriboyedov  Naxçıvandan Tiflisə kəsə yolla getmək qərarına gəlir. O yazır:  "Biz dağlara qalxdıq, bir neçə saatlıq yoldan sonra zənnimcə, dörd yarım fərsəng keçib, məşhur İlanlı dağın (Haçadağın) yanına çatdıq; burada Qazançı adlanan kəndə qalxdıq".

"Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından olan Qazan xanın adını yaşadan bu kənd Əlincə çayının sağ sahilində yerləşir. Qarabağ və Gəncədən keçib Tiflisə gedən qısa yol Qazançıdan keçirmiş.

1819-cu ildə yazdığı xatirələrdə Qriboyedov gəzdiyi Azərbaycan şəhərlərini, həmçinin Naxçıvanı və Culfanı da çox gözəl təsvir edib.

Əsərdə ermənilərin Qarabağ və Naxçıvan xanlığının ərazisinə köçürülməsindən və Qriboyedovun bu məsələyə münasibətindən də bəhs olunur. Tiflisdən Tehrana yola çıxan Qriboyedov 1828-ci il oktyabrın 1-də Culfaya çatır. Həmin vaxt narahatlıqla Paskeviçə geniş bir məktub yazır. Məktubda deyilir: "Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur... Bu köçdən əvvəl Naxçıvanda  çox az miqdarda-barmaqla sayılası qədər erməni yaşayıb. Türkmənçay müqaviləsindən  sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır. Düzdür, burada-yəni Naxçıvanda gəlmələrin-yəni ermənilərin vəziyyəti başqa yerlərə nisbətən yaxşıdır. Amma tatarların (Azərbaycan türklərinin- R. Mirzəzadə) şüurundakı narazılıq və etiraz ən yüksək həddə çatmaqdadır".

Qriboyedov daha sonra bu münaqişəyə səbəb olan məsələninbaşqa bir diplomatik həllini təklif edir: "Köçürülən erməni ailələrini başqa yerə yollasınlar. Onsuz da onların yaşamağa yeri-yurdu yoxdur. Belə çıxır ki, biz yerli bəy və xanların hakimiyyətini əlindən alıb əvəzində isə yerli əhaliyə yad və dolaşıq qanunlar sırımaq fikrinə düşmüşük... Yenə təkrar etməyi özümə borc bilirəm. Burada yerli xalq arasında böyük hörmət və etibar qazanmış şəxslərin və din xadimlərinin başının üstündən tamam yad bir millətin qanunlarını zorakı şəkildə qüvvəyə mindirməkdən əl çəkməliyik".

Ermənilərə xüsusi sevgisi və pərəstişi olmayan Qriboyedovun özünün yazdığı hesabatda İrandan 4 min erməni əhalisinin köçürüldüyü qeyd olunub. Onların xarakterinə yaxından bələd olan Qriboyedov rus imperatoruna yazdığı məktubda deyir: "Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə onillik sonra dünyaya hay-küy salacaq və "bura bizim qədim dədə-baba torpağımızdır"-deyəcəklər".

Türkmənçay müqaviləsindən sonrakı 2-3 il ərzində Qarabağ və Naxçıvan xanlığının ərazisinə 70 min erməni köçürüldü. Lakin Qriboyedovun öldürülməsi onun istəklərinin yerinə yetirilməməsi ilə nəticələndi. Ermənilər Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Naxçıvan xanlığı ərazisinə köçürülən zaman yerli əhalinin tələbləri nəzərə alınmadı.

 R.Mirzəzadənin "A.S.Qriboyedov: şair-diplomat" əsərindən də aydın olduğu kimi Türkmənçay müqaviləsindən sonra Qarabağ və Naxçıvan xanlığına köçürülmüş ermənilər sonrakı illərdə xalqımıza qarşı kütləvi qırğınlar törədərək məskunlaşdıqları əraziləri özlərininki hesab etməyə başladılar.

A.S.Qriboyedovun məktublarından onun heyranlıqla vəsf etdiyi İlanlı dağın ətrafındakı kəndlərə, o cümlədən Qazançıya köçürülən ermənilərin öz çirkin əməllərini davam etdirərək bu kəndlərdə qırğınlar törətdiyi, əzəli və köklü azərbaycanlıların yaşadıqları yer-yurdu özlərininki hesab etməyə başladıqları görünür.Ermənilər həmçinin İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da havadarlarının köməyi ilə eyni istəklərini gerçəkləşdirdilər.

"Arazın səsi" qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: