Naxçıvana tarixi səfər: mədəniyyət və inkişafın yeni mərhələsi

A- A A+

Naxçıvan Azərbaycanın yalnız geostrateji mövqeyi ilə deyil, həm də minilliklərə söykənən zəngin dövlətçilik və mədəniyyət ənənələri ilə seçilən qədim diyardır. Bu torpaq Azərbaycanın Türk-müsəlman dünyasına açılan mühüm qapısı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin, memarlıq irsimizin, elmi və ədəbi düşüncəmizin formalaşdığı əsas mədəniyyət məkanlarından biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri qədim diyarın həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı. Səfər çərçivəsində yeni layihələrin təqdim edilməsi və həyata keçirilən işlərlə tanışlıqla yanaşı, Naxçıvanın tarixi-mədəni irsinə göstərilən diqqət xüsusi əhəmiyyət daşıdı. Bu baxımdan səfəri yalnız görülən işlərin qiymətləndirilməsi deyil, həm də Naxçıvanın gələcək inkişafına yeni baxışın ifadəsi kimi dəyərləndirmək olar.

Səfərin proqramında Mömünə xatın türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanışlıq və görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı xüsusi yer tutdu. Bu iki hadisənin eyni səfərin proqramında yer alması mühüm məna daşıyır. Çünki burada söhbət yalnız tarixi abidələrin qorunmasından deyil, Naxçıvanın əsrlər boyu formalaşmış memarlıq və mədəniyyət irsinin müasir dövrün imkanları ilə gələcəyə daşınmasından gedir.

Əcəmi Naxçıvaninin yaradıcılığı Naxçıvanın memarlıq məktəbinin dünya mədəniyyətindəki yerini göstərən mühüm nümunələrdəndir. Onun şərəfinə abidənin ucaldılması isə yalnız görkəmli sənətkara ehtiram ifadəsi deyil, həm də milli memarlıq irsimizə verilən yüksək qiymətin göstəricisidir. Mömünə xatın türbəsinin bərpası ilə bağlı görülən işlər də bu yanaşmanın davamıdır. Tarixi irsin qorunması keçmişə münasibət olmaqla yanaşı, gələcək nəsillərin öz kimliyini daha dərindən dərk etməsi üçün mühüm mənəvi əsasdır.

Bu gün qarşımızda yalnız mövcud irsi qorumaq deyil, onu müasir dövrün tələbləri ilə birləşdirərək gələcəyə daşımaq vəzifəsi dayanır. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası qarşıdakı dövr üçün mühüm perspektivlər müəyyənləşdirir.

Konsepsiyanın əsas hədəflərindən biri zəngin mədəni irsin qorunması, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi, yaradıcılıq mühitinin inkişaf etdirilməsi və mədəniyyətin ölkənin davamlı inkişafında mühüm amilə çevrilməsidir. Bu strateji hədəflərin Naxçıvanda həyata keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Çünki Naxçıvan Azərbaycanın qədim tarixini, dövlətçilik ənənələrini və zəngin mədəni irsini özündə yaşadan mühüm mədəniyyət məkanlarından biridir.

Naxçıvanın tarixi abidələri, memarlıq nümunələri, folkloru, musiqisi, ədəbiyyatı, sənətkarlıq ənənələri və milli-mənəvi irsi qarşıdakı dövrdə yeni elmi və mədəni layihələr üçün böyük imkanlar yaradır. Burada əsas məqsəd yalnız abidələri qorumaqla kifayətlənməməli, onları elmi şəkildə araşdırmaq, rəqəmsal imkanlarla gələcək nəsillərə çatdırmaq, beynəlxalq səviyyədə tanıtmaq və mədəni turizmin inkişafına töhfə verən mühüm resursa çevirmək olmalıdır.

Naxçıvanın mədəni potensialının daha geniş şəkildə üzə çıxarılmasında ziyalıların da üzərinə böyük məsuliyyət düşür. Ziyalı yalnız keçmişi öyrənən deyil, keçmişlə gələcək arasında körpü yaradan şəxsdir. Alimlər, tarixçilər, ədəbiyyatşünaslar, sənət adamları, pedaqoqlar və yaradıcı insanlar Naxçıvanın zəngin mədəni irsinin araşdırılmasında, yeni elmi və mədəni layihələrin hazırlanmasında, milli dəyərlərin müasir təqdimat formatlarına gətirilməsində fəal iştirak etməlidirlər.

Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” vizyonu ziyalılar qarşısında da yeni məsuliyyətlər müəyyənləşdirir. Dövlət siyasəti ilə elmi-intellektual potensialın, tarixi irslə müasir yaradıcılığın, milli dəyərlərlə innovativ yanaşmaların vəhdəti təmin edilməlidir. Naxçıvanın mədəni gələcəyi də məhz bu vəhdətdən güc ala bilər.

Prezident İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və tarixi irsə həssas münasibəti bu istiqamətdə yeni imkanların yaranacağına inamı artırır. Səfər çərçivəsində həm müasir inkişaf məsələlərinin, həm də tarixi-mədəni irsin qorunmasının diqqət mərkəzində olması Naxçıvanın gələcəyinə kompleks yanaşmanın ifadəsidir.

Naxçıvan tariximizin yaddaşıdır. Bizim vəzifəmiz isə həmin yaddaşı gələcəyin mədəniyyətinə çevirməkdir.

2040 konteksində Naxçıvan yalnız keçmişin qorunduğu məkan deyil, Azərbaycanın milli mədəniyyətinin gələcəyinin formalaşdığı aparıcı mədəniyyət mərkəzlərindən biri olmalıdır. Bu hədəfə gedən yolda dövlətin iradəsi, ziyalının elmi və cəmiyyətin yaradıcı enerjisi birləşməlidir.

Sevinc Abbasova

tarix elmləri doktoru, professor 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: